Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşdı

evez zeynalli

Fevralın 6-da Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) ittihamı epizodu üzrə əlavə şahid kimi dəvət edilmiş Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin iqtisadi məsələlər üzrə eksperti Farzixan Cəfərov prosesdə ifadə verib. Şahid bildirib ki, Vergilər Nazirliyinin(VN) “Xural” qəzetində apardığı səyyar yoxlamaların nəticələrinin ekspertizasını aparıb. Müdafiə tərəfinin suallarını cavablandıran ekspert bildirib ki, yoxlama düzgün aparılmayıb. Belə ki, 2008-2011-ci illər ərzində qəzetin tirajı standart rəqəmlərlə götürülüb və 100 faiz satış hesablanıb. Ekspert onu da bildirib ki, qəzet 2008-ci ildə 30 qəpiyə satıldığı halda, 40 qəpikdən hesablanıb və bu səbəbdən də Əvəz Zeynallının 7250 manat deyil, 4076 manat vergi borcundan yayındığı barədə ekspert rəyi verib. O bu məsələlərlə bağlı yoxlamanı aparan müfəttişi dəvət etsə də, onun gəlmədiyini qeyd edib.

Əvəz Zeynallı isə 213.1-ci maddəsi üzrə ittihamın tamamilə saxta olduğunu bildirib. O əlavə edib ki, qəzetin tirajı və satışı ilə bağlı VN-in hesabladığı rəqəmlər şişirdilib. O, sübut kimi “Xural” qəzetinin çap olunduğu “Ekspress-servis” mətbəəsinin sənədini təqdim edib. Həmçinin qəzetin satışının cəmi 39 faiz olduğunu deyib və əlavə edib ki, qəzet 40 qəpikdən satılsa da, buradan 35-40 faiz həcmində yayım firmaları komisyon haqqı tutur. Baş redaktor vurğulayıb ki, bu nüanslar nəzərə alınaraq hesablama aparılarsa, heç bir vergidən yayınmaya yol vermədiyi ortaya çıxır.

Daha sonra sənədlərin tədqiqi aparılıb. Vəkil Elçin Sadıqov bildirib ki, Gülər Əhmədovanın səs yazısı kimi təqdim etdiyi disklərin qablaşdırılması, adı, forması, həmçinin diskdəki informasiyanın həcmi barədə məlumatlar cinayət işinin cildlərində müxtəlif cür təsvir olunub. Bu isə həmin disklərin müxtəlif müdaxilələrə məruz qaldığını sübut edir.

Hakim Ramella Allahverdiyeva tərəflərin də razılığı ilə məhkəmə istintaqının yekunlaşdığını elan edib. 13 fevral saat 14.30-a təyin edilmiş növbəti məhkəmə prosesi prokuror Ramazan Hadıyevin  çıxışı ilə davam edəcək.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

Bəyanat:Bakıda vətəndaş cəmiyyətinə təzyiqlərin fonunda vəziyyət getdikcə pisləşir

Next Post

Vergilər Nazirliyi “Gündəm Xəbər”dən 133500 manat istəyir

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.