Əvəz Zeynallının Mətbuat Şurası ilə məhkəmə çəkişməsi başlayıb

483689_10200792687362394_917677259_n

Avqustun 13-də Nərimanov rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə “Xural” qəzetinin  həbsdə olan baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. Prosesdə iddiaçı Əvəz Zeynalı və onun vəkili Elçin Sadıqov, eləcə də cavabdeh tərəfin nümayəndəsi Müşfiq Ələsgərli iştirak ediblər.

Proses ilk olaraq Əvəz Zeynallı və onun qohumlarının, eləcə də media nümayəndələrinin narazılığı ilə başlayıb. Belə ki, proses iştirakçıları məhkəmə keçiriləcək zalının  kiçik olduğunu  deyərək, məhkəmənin başqa zalda davam etməsini tələb ediblər. Nəticədə hakim M. Sadıqov fasilə elan etdiyini bildirib.

Fasilədən sonra davam edən prosesdə iddiaçı  Əvəz Zeynallı iddianı müdafiə etdiyini bildirərək, iş materialları ilə tanış olmaq istəməsi barədə vəsatət verib.

Cavabdeh tərəfin nümayəndəsi Müşfiq Ələsgərli isə ixtisasca hüquqşünas olmadığını,  növbəti prosesdə MŞ-nin vəkilinin  iştirak edəcəyini deyərək, məhkəmədən vaxt istədi.

Hakim M. Sadıqov hər iki tərəfin vəsatətinin təmin edildiyini bildirib və növbəti prosesi 29 iyul saat 12:00-a təyin edib.

Qeyd edək ki, 2011-ci ildə Mətbuat Şurası “Xural” qəzetini “qara siyahı”ya salınması ilə bağlı qərar verib. Baş redaktor isə həbsindən 1 ay əvvəl baş verən bu hadisəni “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında idiia qaldıraraq, qurumun protokolun və xüsusi rəyin ləğv edilməsini, işgüzar nüfuza vurulmuş zərərlə bağlı maddi təzminat ödənilməsini istəmişdi.

Nərimanov Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov baxılmadan saxlanması ilə bağlı qərar vermiş, apellyasiya məhkəməsi də bu qərarı qüvvədə saxlamışdı. Ali Məhkəmə isə iddiaçının kassasiya şikayəti əsasında işi baxılması üçün yenidən Nərimanov Rayon Məhkəməsinə göndərib.

Xatırladaq ki, Əvəz Zeynallı 2011-ci ilin oktyabr ayında Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdə 4076 manat vergi borcunun dövlət büdcəsinə ödənilməsi də qeyd olunur. Yuxarı instansiya məhkəməsi baş redaktorun apellyasiya şikayətini təmin etməyib.

Əvəz Zeynallının özü, həmçinin bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları ittihamların saxta olduğunu və hökmün tənqidi yazılarına görə siyasi sifariş əsasında çıxarıldığını hesab edirlər.

Previous Post

Rabitəyə nəzarət şəxsi həyatın toxunulmazlığı hüququnu və azadlığı sarsıdır

Next Post

Jurnalistin həbs müddəti daha 3 ay uzadıldı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.