ƏVƏZ ZEYNALLIYA AİLƏSİ İLƏ GÖRÜŞ VERİLMİR

“Xural” qəzetinin Bakı İstintaq Təcridxanasında həbsdə olan baş redaktoru Əvəz Zeynallıya ailəsi ilə görüş verilmir. Bu barədə bu gün (1 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

M. Zeynallının sözlərinə görə, bir aydan artıq müddətdir ki, Zeynallıya ailə üzvləri ilə görüşməyə icazə verilmir:

            “Görüş üçün dəfələrlə müraciətlərimiz olub, lakin bizə bildiriblər ki, istintaq altında olan şəxs heç kimlə görüşə bilməz. Bundan başqa Vergilər Nazirliyinin “Xural” qəzetini müxtəlif məbləğlərdə cərimələməsi barədə də məlumatlısınız. Bildiyiniz kimi, bu cərimələr 2006-cı ildən bəri ”Xural"ın bütün saylarına tətbiq edilib. Halbuki “Xural” cəmi bir ay gündəlik nəşr edilmişdi. Qəzetin hər nömrəsi isə 40 qəpikdən hesablanıb. Heç bir sənəd götürülmədən bu rəqəm ortaya çıxarılıb"-deyə bildirən M. Zeynallı bununla bağlı məhkəməyə müraciət edəcəklərini də bildirdi.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın iddiası ilə oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Prosessual Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, yanvarın 17-də isə bu müddət daha 3 ay artırıldı.

 

Previous Post

OBYEKTİV TV-NİN ƏMƏKDAŞI QUBADA XƏSARƏT ALDI

Next Post

”İCTİMAİ İŞTİRAK HAQQINDA” QANUN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.