ADINA SOSİAL ŞƏBƏKƏLƏRDƏ AÇILAN SƏHİFƏLƏR EYNULLA FƏTULLAYEVƏ MƏXSUS DEYİL

yanvar 24th, 2011
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaijan” qəzetlərinin həbsdə olan baş redaktoru  Eynulla Fətullayev sosial şəbəkələrdə, xüsusilə də "facebook"da onun adı ilə bağlı bir sıra səhifələrin açıldığını qeyd edərək bu məsələdən narahat olduğunu bildirib. Bu barədə yanvarın 22-də  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Eynulla  Fətullayevin vəkili Anar Qasımov məlumat verib.

Anar Qasımov qeyd etdi ki, sosial şəbəkədə açılan 3 profildən heç biri hüquqlarını müdafiə etdiyi şəxsə məxsus deyil: “Məlum olduğu kimi, Eynulla Fətullayev hal-hazırda həbsdədir və onun virtual aləmlə təmasda olması qeyri-mümkündür”.

 Xatırladaq ki E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci iloktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə 2010-cu il noyabrın 11-də bu qərarı qismən təmin etmək barədə qərar açıqlasa da, sonradan bu qərarın ümumiyyətlə dəyişdirilməsi bəlli olub. Dekabrın 28-də isə Ali Məhkəmə Fətullayev barəsində Apellyasiya Məhkəməsinin 05 noyabr 2010-cu il tarixli həbs qətimkan tədbirinin ləğv edilməsinə dair verilmiş şikayətinin təmin olunmamağına dair qərar verib.

Onu da qeyd edək ki, 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Hazırda məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.