ALİ MƏHKƏMƏNİN HAKİMİ EYNULLA FƏTULLAYEV BARƏSİNDƏ ÇIXARILMIŞ YENİ HÖKMUN TƏNQİD EDİB

Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə  “Gündəlik  Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru  Eynulla Fətullayev barəsində çıxarılmış son hökmü “Media forum” saytına şərh edib.

Müzəffər Ağazadə bildirib ki, əvvəllər məhkum olunduğu işlər üzrə Eynulla Fətullayevə bəraət verilibsə, yeni ittihamla verilən cəza indiyə qədər çəkdiyi cəza müddəti ilə əvəz olunmalı idi: “Jurnalistin həbsxanada yatdığı müddət havaya gedə bilməz, yeni cəza müddəti hesablananda yatdığı müddət nəzərə alınmalı idi. Qanun və məntiq bunu tələb edir”.

 

    Müzəffər Ağazadə hesab edir ki, Qaradağ Rayon Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel qərarını nəzərə almayıbsa da, yeni cəza əvvəlki cəza ilə ya tam, ya da qismən birləşdirməli idi: “Görünür, problem ondadır ki, hakimin əlində cəzaların birləşdirilib-birləşdirilməməsi haqda qərar yoxdur. Çünki Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ortalıqda qalıb, onu nə icra edirlər, nə də ondan imtina olunur. Hakimin belə bir qərarı necə qəbul etdiyi, nəyə əsaslanıb cəzanı hökmün çıxarıldığı gündən hesabladığını deyə bilmərəm. Hakim cəza müddətini hökmün çıxarıldığı gündən necə hesablaya bilər? Burada nə isə qaranlıq məqam var. Bunun üçün gərək qərarı tam oxuyum.

 

    Eynulla Fətullayevə yeni cinayət işi açılanda onun haqqında həbs-qətimkan tədbiri seçilməliydi. Düzdür, bununla bağlı mübahisələr var. Bəzi hakimlər belə məqamlarda həbs-qətimkan tədbirinin əleyhinə çıxırlar, hesab edirlər ki, şəxs onsuz da həbsdədir. Eynulla Fətullayevə yeni cinayət işi açılanda onun haqqında həbs-qətimkan tədbirinin niyə seçilmədiyini deyə bilmərəm. Ancaq bu, eləcə də hökm elan olunanda cəzaların birləşdirilməməsi prosedur pozuntusudur”.

 

    Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel qərarına gəlincə, Müzəffər Ağazadə onun hələ Ali Məhkəməyə daxil olmadığını deyir: “Ona görə də Ali Məhkəmənin qərara nə vaxt baxacağı haqda bir söz deyə bilmərəm. Avropa İnsan Hüquqları Məhkəməsinin hökmü ləğv etmək hüququ yoxdur. Məhkəmə işə yenidən baxılması haqqında qərar verə bilər. Lakin Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurusdiksiyasında olduğu üçün bu qərarı icra etməlidir. Mən birinci dəfədir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin dərhal azadlığa buraxmaq haqda qərar qəbul etdiyinin şahidi oluram. Eynulla Fətullayevin azadlığa necə buraxılacağını deyə bilmərəm. Onu azad etmək üçün Cinayət-Prosessual Məcəlləsinə istinad etməliyik. Amma Azərbaycan qanunvericiliyində bunun proseduru yoxdur. Bunun üçün qanunvericilikdə dəyişiklik edilməlidir”.

 

    Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu təxribatı jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat  kimi qiymətləndirir.

 

  Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

 

  Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

 

  2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

 

  Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

 

Previous Post

TƏHSİL ÜZRƏ EKSPERTƏ QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

ABŞ-IN HELSİNKİ KOMİSSİYASI MEDİA İLƏ BAĞLI YENİ QƏTNAMƏ QƏBUL EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.