Apellyasiya məhkəməsi jurnalisti həbsdə saxladı

sentyabr 26th, 2013

398327_525389854153700_112437647_n

Sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə “Bizim Yol” qəzetinin əməkdaşı,moderator.az saytının rəhbəri və hüquq müdafiəçisi Pərviz Həşimli  barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Səbail Rayon Məhkəməsinin 18 sentyabr tarixli qərarından verilən apellyasiya şikayəti təmin edilməyib.

Məhkəmədən sonra Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən jurnalistin vəkili Anar Qasımlı bildirib ki, məhkəmədə jurnalistin iştirakı təmin edilib və apellyasiya məhkəməsi  öz qərarı ilə jurnalisti həbsdə saxlayıb.

Vəkil bildirib ki, məhkəmədə çıxış edən Pərviz Həşimli həbsinin qanunsuz olduğunu  və   hansısa səbəbə görə ona qarşı xüsusi əməliyyat hazırlandığını bildirib.

 “Jurnalist Pərviz Həşimli saxlanma şəraitindən şikayət etmir. O dünən Ombudsman nümayəndələrinə bildirib ki, ona yalnız dövlət qəzetləri verilir və nümayəndədən ona dövri mətbuatı izləməyə şərait yaradılmasını  təmin etməyi xahiş edib. Pərviz hələ ifadə verməyib, eyni zamanda o bildirib ki, ona hər hansı  işgəncə verilməyib və mətbuatda gedən məlumatları təkzib edib”, deyə Qasımlı qeyd edib.

A. Qasımlı onu da bildirib ki, Pərvizin ev dustaqlığına buraxılması  və yaxud da zaminləyə buraxılması barədə vəsatət verəcəklər, həmçinin də həbs qətimkan tədbiri seçilməsi barədə qərardan Avropa Məhkəməsinə şikayət edəcəklər.

Vəkil onu da əlavə edib ki, bu dəfəki məhkəmə prosesinə jurnalist başı açıq gətirilib.

 Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin  İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 17-də Səbail rayon Məhkəməsi Pərviz Həşimli barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçib.