AVROPA MƏHKƏMƏSİ AZƏRBAYCANLI JURNALİSTİN İDDİASINI QİSMƏN TƏMİN EDİB

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanlı jurnalist Ramiz Nəcəflinin şikayətini təmin edib və ona 13 min avro təzminat ödənilməsini qərara alıb. AİHM Nəcəflinin Avropa İnsan Hüquqları Konvensiyasının iki maddəsində – “qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi” (maddə 3) və “fikri ifadə etmək azadlığı” (maddə 10) maddələrində zəmanət verilmiş hüquqlarının pozulduğunu etiraf edib.

Şikayət Nəcəflinin 9 oktyabr 2005-ci ildə Bakıda “Sahil” bağında müxalifətin etiraz aksiyası zamanı “Boz qurd” qəzetinin redaktoru qismində peşə fəaliyyətini həyata keçirərkən vəhşicəsinə döyülməsi ilə bağlı idi.
Aksiyanın dağıdılması zamanı Nəcəfli polis tərəfindən döyülüb, beyin silkələnməsi alıb və huşsuz halda reanimasiyaya yerləşdirilib. Lakin Azərbaycanın hüquq-mühafizə orqanları və məhkəmələri bunu araşdırmayıblar və təqsirkarları cəzalandırmayıblar.
Məhkəmə ona mənəvi ziyana görə 10 min avro və məhkəmə xərclərinin geri ödənilməsi üçün 3 min avro ödənməsini qərara alıb. Lakin jurnalist kompensasiyanın ölçüsünü qeyri-kafi hesab edir. Onun sözlərinə görə, aldığı zərbənin nəticələrini hələ də çəkir və hər il müalicəyə 7-8 min manat xərcləyir. Bu vəsaiti ödəməkdə qohumları köməklik edir, deyə Nəcəfli Turan agentliyinə bildirib.
Bundan başqa, o, zərbədən sonra iş qabiliyyətini qismən itirib və qəzetin nəşrini dayandırmaq məcburiyyətində qalıb. Hazırda məhdud şəkildə pedaqoji fəaliyyətlə məşğul olur. O, AİHM-nin bu faktları nəzərə almamağından təəssüfünü bildirib.

Previous Post

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏR İLƏ BAĞLI MÜSAVAT BAŞQANININ MÜAVİNİ TOFİQ YAQUBLU

Next Post

PREVENTİV QRUP ZEYNALLIYA QARŞI RÜŞVƏT İTTİHAMININ LƏĞVİNİ TƏLƏB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.