
Səbail rayonu ərazisində – Nizami küçəsində və “Fəvvarələr” meydanında qəzet satışı ilə məşğul olan Rəcəb Cəfərov və və Mehman Əlyarov da RATİ-yə bildiriblər ki, artıq 1 həftədən çoxdur ki, onlara satış aparmağa icazə verilmir. “15 ildir ki, bu ərazidə qanuni ticarətlə məşğul oluruq. Ancaq indi polis əməkdaşları bildirilər ki, qanunsuz ticarətlə məşğul olursunuz” – deyən fərdi sahibkarlar əlavə etdilər ki, polis əməkdaşları tapşırığın Səbail rayon polis İdarəsinin rəisi tərəfindən verildiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Ehsan Zahidov RATİ-yə bildirib ki, bu addımlar küçə ticarətinin qarşısının alınmasına yönəlib. “Polis ticarətə nəzarət edən qurum deyil, sadəcə qanunsuz ticarətin qarşısını alır” – deyə Ehsan Zahidov bu addımı atmaq üçün hansı dövlət qurumundan müraciət edildiyi söyləmədi. “Qəzet satışı ilə məşğul olan fərdi sahibkarlar qanunvericiliyə uyğun və müvafiq lisenziya ilə fəaliyyət göstərdikləri halda, polis niyə onlara imkan vermir?” – sualımıza cavab olaraq E.Zahidov, bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyimizi məsləhət gördü.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova RATİ-yə bildirib ki, bu barədə onda heç bir məlumat yoxdur və o, məsələni araşdıracağını deyib.
Qeyd edək ki, dünən (9 iyun) Mətbuat Şurasında bu məsələ müzakirə olunub və problemi araşdırmaq üçün işçi qrup yaradılıb.