BAŞ PROKUROR ELMAR HÜSEYNOVUN QƏTLİNDƏN DANIŞIB

aprel 28th, 2010
Aprelin 27-də Milli Məclisdə çıxış edən baş prokuror Zakir Qaralov 2005-ci ildə öldürülmüş jurnalist Elmar Hüseynovun qətlindən də danışıb. “Media forum” saytının məlumatına görə, Z.Qaralov qeyd edib ki, E.Hüseynov öldürülən günün sabahısı prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirib.

Bundan sonra Avropa Birliyinə üzv olan ölkələrə rəsmi şəkildə müraciət etdiyini söyləyən Z.Qaralovun bildirdiyinə görə, həmin müraciətində o, E.Hüseynovun qətlinin istintaqına xarici ekspertlərin cəlb olunmasını xahiş edib.
 “Ona görə Avropa Birliyinə üzv olan ölkələrə müraciət etmişdim ki, Elmar Hüseynovun qətli parlament seçkisi ərəfəsində törədilmişdi və Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr bu qətlin təşkilatçılarıdır” – deyə baş prokurur bildirib.  
Bu qətli konkret şəxslərin törətdiyinin istintaq zamanı, yerli və xarici ekspertlərin iştirakı ilə sübuta yetirildiyini vurğulayan Z.Qaralov qeyd edib ki, hazırda cinayətin istintaqını aparan Milli Təhlükəsizlik Nazirliyi iş üzrə əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Xatırladaq ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin mart ayının 2-də axşam saat 20 radələrində yaşadığı mənzilin qarşısında odlu silahla qətlə yetirilmişdir. Ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.