
“Turan” İnformasiya Agentliyinə daxil olmuş press-relizdə deyilir ki, məruzədə bu təşkilatların 2010-cu ilin sentyabr ayında Bakıda olan birgə missiyasının gəldiyi nəticələr əksini tapıb. Sənəd müəllifləri ölkə hakimiyyətinin ifadə azadlığının müdafiəsi üzrə beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini qeyd edirlər.
“Azərbaycanda jurnalistlərə hücum edənlər və ya onları təqib edənlər bilirlər ki, bu cinayətlərinə görə cəzalandırılmayacaqlar. Hakimiyyətin bu halları araşdırmamağı qorxu mühitinin yaranmasına böyük təsir göstərir”, – deyə “Artikl 19” -un icraçı direktoru Anyes Kallamar bildirib.
Söz azadlığının vəziyyətinin pisləşməsi narahatlıq doğuran təmayüllərin, o cümlədən jurnalistlərin və bloggerlərin tənqidi fikirlərinə görə həbsinin, jurnalistlərə qarşı zorakılığın və bu cinayətləri törədənlərin cəzalandırılmamasının, diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv edilməməsinin nəticəsidir. Bu hallar 7 noyabr 2010-cu il parlament seçkiləri baxımından xüsusilə təhlükəlidir.
Ümumdünya Qəzet və Nəşriyyatlar Assosiasiyası (WAN-IFRA) missiyasının əlaqələndiricisi Rodriqo Bonilya deyir: “Ölkədə qorxu, maliyyə təzyiqi və kiçik auditoriya şəraitində fəaliyyətini davam etdirməyə çalışan cəmi bir neçə müstəqil KİV var. Köklü islahatlara hədsiz zərurət var”.
Paytaxtdan kənarda, bölgələrdə jurnalistlər üçün vəziyyət daha da pisdir. Onlar müntəzəm olaraq zorakılıq və hədə-qorxu ilə üzləşirlər. Bu halların əksəriyyəti barədə məlumat verilmir. «Siyasi müdaxilə və KİV-ə nəzarət, habelə müstəqil jurnalistikanın roluna tamamilə hörmətsizlik olması nəticəsində etibarlı və peşəkar jurnalist mühitinin yaradılması səyləri daim boşa çıxır”, – deyə Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibinin köməkçisi Oliver Mani-Kerl bildirib.
Missiyanın məruzəsində həmçinin Azərbaycan hakimiyyətinə ölkədə iqlimin yaxşılaşdırılması, o cümlədən jurnalistlərə qarşı bütün zorakılıq aktlarının araşdırılması ilə bağlı tövsiyyələr yer alıb. Missiya həmçinin həbsdə olan jurnalist və bloggerlərin dərhal və qeyd-şərtsiz azad edilməsini, habelə diffamasiyaya görə cinayət məsuliyyətinin ləğvini tələb edir.