CƏLAL ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES NÖVBƏTİ DƏFƏ TƏXİRƏ SALINIB

Bu gün (27 aprel) Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə akademik Cəlal Əliyevin “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan və qəzetin müxbiri Qoşqar Bakılıya qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Nizami rayon məhkəməsinin 10 fevral 2010-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə keçirilməli olan məhkəmə prosesi növbəti dəfə baş tutmayıb.

Prosesə cavabdeh Azər Ayxan və onun nümayəndəsi Elçin Sadıqov gəlsə də, şikayətçi tərəfin bu dəfə də iclasda iştirak etməməsi səbəbilə hakim prosesi 4 may, saat 15.00-a təyin etdi.

Vəkil E.Sadıqov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) müxbirinə bildirib ki, artıq bir neçə dəfə eyni səbəbə görə proses təxirə salınıb. O qeyd edib ki, növbəti dəfə də analoji halın baş verəcəyi təqdirdə prosesin iddiaçının iştirakı olmadan keçirilməsi barədə vəsatət qaldıracaqlar.

Xatırladaq ki, Cəlal Əliyev “Yeni Müsavat”ın bu il yanvarın 05-də işıq üzü görən sayında “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqalədə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan və həqiqətə uyğun olmayan məlumatlar olduğunu hesab edərək, Nizami rayon məhkəməsində Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. 10 fevral 2010-cu il tarixində hakim iddia ərizəsinin düzgün hazırlanmamasını əsas göstərək, iddianın icraata götürülmədən rədd edilməsi barədə qərar çıxarmışdı. Bu səbəbdən də  Bakı Apelyasiya Məhkəməsinə birinci instansiya məhkəməsinin qərarından verilən şikayət üzrə proses martın 15-də keçirilib.
   
 Qeyd edək ki, millət vəkili Cəlal Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı, indiki dövlət başçısı İlham Əliyevin əmisidir.

Azərbaycanın ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

AZƏRBAYCANDA İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ HƏFTƏSİ KEÇİRİLƏCƏK

Next Post

BAŞ PROKUROR ELMAR HÜSEYNOVUN QƏTLİNDƏN DANIŞIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.