EYNULLA FƏTULLAYEVƏ ACLIQ AKSİYASINI DAYANDIRMAQLA BAĞLI MÜRACİƏT EDİLİB

İfadə Azadlığı Komitəsinə daxil olan bir qrup jurnalist, hüquq müdafiəçisi və ziyalılar Bakı İstintaq Təcridxanasında saxlanılan “Realnıy Azeyrbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin  baş redaktoru Eynulla Fətullayevi aclıq aksiyasını dayandırmağa çağırıblar. 

Baş redaktora ünvanlanan  müraciətdə deyilir: “İstəyirik ki, bu məktubu alan kimi aclıq aksiyasını dayandırasan. Bu aksiya belə bir aksiyanın yarada biləcəyi kifayət qədər böyük rezonansa artıq səbəb olub. Aksiyadan sonra hakimiyyət qurumları Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına Ali Məhkəmə Plenumunun növbədənkənar iclasında baxılacağını bəyan edib. Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanı təmsil edən hakim Xanlar Hacıyev isə səninlə bağlı qərarı nəzərdə tutaraq deyib. Bu heç kəsdə, heç Azərbaycan hakimiyyətində də şübhə doğurmur ki, Avropa Məhkəməsinin qərarı yerinə yetirilməlidir.  Haqq səninlədir, üstəlik hər keçən saat sənin azadlığa çıxmağını daha aktual edir, hüquqların daha çox tapdansa da. Ona da ümid edirik ki, Azərbaycan hakimiyyəti bu məsələni inad predmetinə çevirməyəcək, ədalətin qələbəsinə imkan yaratmaqla sağlam bir addıma imza atacaq”,  – deyə sənəd müəllifləri qeyd ediblər.
Müraciət Komitə üzvlərindən  – Arzu Abdullayeva, Mehman Əliyev, Pənah Hüseyn, Zərdüşt Əlizadə, Eldar Namazov, İlqar İbrahimoğlu, Emin Hüseynov, Rəşid Hacılı, İsaxan Aşurov, Elçin Sadıqov, jurnalistlərdən isə Rövşən Hacıbəyli, Seymur Baycan, Samir Kazımlı, Elçin Həsənli, Qan Turalı, Xaliq Bahadır, Elnur Astanbəyli, Natiq Güləhmədoğlu, Qabil Zimistanoğlu, Elşən Balaxanılı, Natiq Cavadlı, Aynur Elgünəş, Nemət Hüseynli, Azər Hüseynbala, Pərviz Həşimov, Əfqan Muxtarlı, Çingiz Sultansoy, Zamin Hacı və  Şahvələd Çobanoğlu tərəfindən imzalanıb.
Qeyd edək ki,  jurnalist Eynulla Fətullayev Avropa Məhkəməsinin onun  barəsində çıxardığı qərarın icra olunması tələbi ilə oktyabrın 19-dan aclıq aksiyasına başlayıb. Həmkarları da bu aksiyaya dəstək verirlər. Belə ki, ilk üç günü köşə yazarı Şahvələd Çobanoğlu, Qan Turalı və Elçin Həsənov aclıq aksiyası keçirdilər. Artıq ioki gündür ki, aksiyanı “Yeni Müsavat” qəzetinin əməkdaşı Samir Kazımlı, “Azadlıq” qəzetinin əməkdaşı Qabil Zimistanğolu və köşə yazarı Seymur Baycan davam etdirir. Bu gün aksiyaya gənc fəallardan Emin Axundov da qoşulub.
     
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.
Onu da qeyd edək ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.

Previous Post

VİDEO ÇƏKİLİŞ APARDIĞI ÜÇÜN DEPUTATLIĞA NAMİZƏD SAXLANILIB

Next Post

JURNALİSTLƏRİN POLİS İDARƏSİNƏ QARŞI İDDİASI RƏDD TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.