EYNULLA FƏTULLAYEVİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İCLAS KEÇİRİLİB

Bu gün (26 avqust) Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun  sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru  Eynulla Fətullayevin barəsində 06 iyul 2010-cu ildə Qarabağ rayon məhkəməsində çıxarılmış hökmdən verilmiş apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

İclasda Eynulla Fətullayev, vəkilləri İsaxan Aşurov, Elçin Sadıqov və dövlət ittihamçısı qismində Məhərrəm Mustafayev iştirak edirdilər.

 

    Vəkil İsaxan Aşurovun iclas zamanı E.Fətullayevin barmaqlıqlar arxasında deyil, vəkillərinin yanında əyləşməsi ilə bağlı vəsatətini hakimlər kollegiyası təmin etdi.

 

    Eynulla Fətullayev apellyasiya şikayətinə əlavələrini məhkəməyə təqdim etdi və əlavələr qəbul olundu.

 

    Eynulla Fətullayev bildirdi ki, barəsində qaldırılmış cinayət işi üzrə Qaradağ rayon məhkəməsində baxılmış proseslərin protokolu ilə tanış olmaq istəsə də, ona şərait yaradılmayıb. Bu səbəbdən, həmin protokollarla tanış olmaq üçün vaxt verilməsi və protokola ediləcək dəyişikliklərin birinci instansiya məhkəməsinə göndərilməsi ilə bağlı vəsatət qaldırdı.  

 

    Hakimlər Camal Ramazanov və Sahibxan Hüseynovdan ibarət olan və hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi kollegiya tərkibi vəsatəti təmin edərək, protokolla tanış olmaq üçün 1 sentyabradək vaxt verdi.

 

    Daha sonra Fətullayev son vaxtlar barəsində müxtəlif KİV-lərdə təhqiramiz və iftira dolu yazıların dərc olunmasını bildirdi. “Bununla bağlı monitorinq aparılıb və son 10 gündə haqqımda təhqir və böhtan xarakterli 300 yazı dərc olunub. Hesab edirəm ki, bütün bunların arxasında Azərbaycan hakimiyyəti və şəxsən prezident İlham Əliyev durur. Məqsəd isə məni azadlığa buraxmamaqdır. Çünki bilirlər ki, azadlığa çıxsam müstəqil mətbuatın nə olduğunu Azərbaycana göstərəcək və ictimai-siyasi proseslərə qoşulacağam” – deyən Fətullayev əlavə etdi ki, parlament seçkilərində namizədliyini irəli sürmək istəsə də, şəxsiyyət vəsiqəsi ala bilmir.

    Hakim Mirpaşa Hüseynov bu məsələlərin apellyasiya şikayəti ilə əlaqəsinin olmadığını deyərək, ilkin baxış iclasının 2 sentyabr saat 10.30-da davam edəcəyini bildirdi.

 

    Qeyd edək ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu təxribatı jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat  kimi qiymətləndirir. Eynulla Fətullayev bir çox yerli və beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınır.

 

    Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

 

    Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

 

          Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

 

Previous Post

RADİONUN AÇILMASI İLƏ BAĞLI İDDİA TƏMİN OLUNMADI

Next Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ POLİS TƏRƏFİNDƏN SAXLANILIBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.