“GÜZGÜ“ QƏZETİNİN ƏMƏKDAŞININ HƏBSİ GÖZLƏNİLİR

oktyabr 11th, 2010
Bu gün (11 oktyabr) Qubadlı rayon Məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə Abşeron rayon Ceyranbatan qəsəbəsinin bir qrup sakininin Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyevə (Kamran Səxavət) qarşı irəli sürdükləri ittiham  üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə təqsirləndirilən  K. Bəyəliyev hakim E. Quliyevə və prokurora etirazını bildirdi. Amma qısa müddətə müşavirəyə çıxan hakim ilk iddianı baxılmamış saxladı. Prokurora qarşı etirazı da təmin etməyən hakim verilən hər iki vəsatətin əsasız olduğunu bildirdi. Bundan sonra prosesi başlayan hakim K.Bəyəliyəvə ifadə vermək üçün söz verdi. Amma K.Bəyəliyev prosesin qərəzli aparıldığını iddia edərək ifadə verməkdən imtina elədi.
Daha sonra şahidlər dindirilməyə başlandı. Şahidlərdən Muxtar Nəsibov bostanından çıxıb axşam saat 11 radələrində evinə gedərkən Ceyranbatan qəsəbəsinin girişində 20-25 adamın savaşdığını, amma kimin kimi vurduğunu görmədiyini bildirdi. Amma  şahid İmran və İdris adlı iddiaçıların K. Bəyəliyev tərəfindən döyüldüyünü hadisədən sonra eşitdiyini bildirdi. Şahid  M.Nəsibov K.Bəyəliyevlə şəxsi zəmində münaqişəsinin olmadığını bildirsə də müdafiəçinin vəkili Vüqar Xasayevin sualına cavabdan sonra tərəflər arasında münaqişənin olması təsdiqini tapdı. Məlum oldu ki, K.Bəyəliyev  şahidin Nazilə adlı  bir xanımın torpağını zəbt etməsi ilə bağlı “Güzgü” qəzetində silsilə yazıları olub və bu məsələ ilə bağlı məhkəmə çəkişməsi də olub.
Digər şahid Qafarov Sabir isə dava-dalaşı yaxından izlədiyini və K.Bəyəliyevin İmran və İdris adlı iddiaçıları döydüyünü və onların ağız-burnunu qana boyadığını şəxsən gördüyünü iddia etdi. Bu şahidin də K.Bəyəliyevlə ciddi ədavəti var imiş. Tərəflərin vəkil V.Xasayevın suallarına cavabından məlum oldu ki, K.Bəyəliyev Ceyranbatan qəsəbəsi ərazisində Bakı-Sumqayıt magistral yolun üstündə  S.Qafarova məxsus kafenin bağlanmasında müstəsna rol oynayıb.  Belə ki, K.Bəyəliyev hüquq mühafizə orqanlarında sözü gedən kafedən “əxlaqsızlıq yuvası” kimi istifadə edilməsi barədə yazılı xəbər verib və müvafiq reyddən sonra kafe polis tərəfindən bağlanılıb.
Proses şahidlərin ifadəsinin dindirilməsi ilə başa çatıb və hakim 13 oktyabr saat 14.30-da hökmü elan edəcəyini bildirib Qeyd edək ki,  hakim Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşlarına açıq məhkəmə prosesini müşahidə etməyə imkan yaratmaq istəməyib. Daha sonra məhkəmə zalının ən arxa cərgəsində müşahidəçilərimizə əyləşməyə icazə verən hakim təxminən 1 saatdan sonra əməkdaşlarımızı gizli foto çəkiliş aparmaqda ittiham edərək  zaldan qovub.
Xatırladaq ki,  2009-cu ilə sentyabr ayının 11-də axşam saat 11 radələrində  “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyev ilə Ceyranbatan qəsəbəsinin girişində  Bakı-Sumqayıt magistral yolun üstündə  Sabir Qafarova məxsus kafeni icarəyə götürmüş İdris Zeynalov və İmran Novruzov  arasında mübahisə yaranıb. Mübahisə  icarədarların K.Bəyəliyevdən işlətdikləri kafe barədə yazmağı dayandırmağı tələb etmələri ilə başlanıb.
“Güzgü”  qəzeti 1992-ci il iyul ayının 22-dən ayda 1 və ya 2 dəfə çap olunan iqtidaryönlü satirik nəşrdir.