
Belə ki, bu gün (10 iyun) Bakı Apellyasiya Məhkəməsində hakim Səadət Bektaşinin sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş “Poliqon” informasiya agentliyinin redaktoru Elmin Bədəlovun Nəsimi rayon Məhkəməsinin 5 aprel tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Hakim müşahidəçiləri və media nümayəndələrini heç bir əsas olmadan açıq keçirilən məhkəmə prosesindən kənarlaşdırıb. Prosesdən sonra RATİ-yə məlumat verən E.Bədəlov bildirib ki, Təhsil Nazirliyinin nümayəndəsi iclasda iştirak etmədiyinə görə, hakim iclası 24 iyun saat 16.20-dək təxirə salıb.
Qeyd edək ki, jurnalistləri və müşahidəçiləri açıq keçirilən məhkəmə iclasından kənarlaşdırdığına görə, RATİ hakim barəsində Məhkəmə Hüquq Şurasının sədrinə şikayət edib.
Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edərək, pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb.