İNSAN HÜQUQLARI KLUBUNUN BƏYANATI

    İnsan Hüquqları Klubu (İHK) dünən (11 avqust) Sülh və Demokratiya İnstitutunun (SDİ) ofisinin sökülməsini kəskin şəkildə qınayır və bunu hakimiyyətin həm mülkiyyət hüququna, həm də hüquq müdafiə işinə neqativ münasibəti kimi qiymətləndirir.

Dünən saat 20.30 radələrindən başlayaraq 40 dəqiqə ərzində tanınmış hüquq müdafiəçisi Leyla Yunusun rəhbərlik etdiyi SDİ-nun, eyni zamanda daha iki QHT – Qadın Krizis Mərkəzi və Minaların Qadağan Edilməsi üzrə Azərbaycan Kampaniyasının yerləşdiyi ofis sökülüb. Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun şəxsi mülkiyyətində olan və Şəmsi Bədlbəyli 38 ünvanında yerləşən 112 kv. metrlik evin sökülməsi nəticəsində nəinki ev, həmçinin ofislərdə olan kompüterlər, mebel, kitabxana, sənədlər məhv edilib. Ofisdə olan SDİ-nun 2 əməkdaşının ofisdən əşyaların çıxarılmasına imkan verilməyib.  

    İHK bəyan edir ki, məhkəmə qərarı olmadan evin sökülməsi Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunlarının nəinki pozulması, bu qanunlara birmənalı hörmətsizliyin göstəricisidir. 2011-ci il iyulun əvvəlində İnzibati-İqtisadi Məhkəmə məhkəmə qərarı olmadan evin sökülməsinin yolverilməzliyi barədə qətnamə çıxarsa da, bu qətnaməyə də məhəl qoyulmayıb.

    İHK hesab edir ki, ofisdə SDİ-nın 2 əməkdaşının əşyaların çıxarılması üçün vaxt istəməsi xahişinə məhəl qoyulmaması və nəticədə ofisdə olan bütün iş avadanlıqlarının, əşyaların, sənədlərin məhv edilməsi ofisdə SDİ-nun və onun rəhbəri Leyla Yunusun prinsipial hüquq müdafiə mövqeyi ilə bağlıdır. Belə ki, SDİ və Leyla Yunus son dövrlərdə məhz vətəndaşların mülkiyyət hüquqlarının müdafiəsi üzrə aktiv fəaliyyət göstərib.  

    İHK Azərbaycan hakimiyyətini bu cür mövqe sərgiləməkdən çəkinməyi və mülkiyyət hüququna hörmətlə yanaşmağı tələb edir. İHK beynəlxalq ictimaiyyəti bu məsələyə biganə qalmamağa və Azərbaycan hakimiyyətinə mülkiyyət hüquqlarına hörmət etməsi üçün təsir göstərməyə çağırır.    

Previous Post

İSLAMAZERİ.AZ İNTERNET QƏZETİNİN BAŞ REDAKTORU NARKOTİK VƏ QANUNSUZ SİLAH SAXLAMA İTTİHAMI İLƏ HƏBS

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.