İNSAN HÜQUQLARI KLUBUNUN BƏYANATI

İKİ GƏNC FƏAL BƏXTİYAR HACIYEV VƏ DƏYANƏT BABAYEV HƏBS EDİLİB/ÜÇ REGİONAL QHT-NİN  OFİSİ QAPADILIB

 

            İnsan Hüquqları Klubu (İHK) deputatlığa keçmiş namizəd, gənc fəal Bəxtiyar Hacıyevin, AXCP Gənclər Komitəsinin üzvü Dəyanət Babayevin həbsini və Gəncədə fəaliyyət göstərən 3 QHT-nin ofisindən zorla çıxarılmasını qınayır.

Belə ki, martın 4-də Bəxtiyar Hacıyev Gəncə şəhərini icazəsiz tərk etməkdə (şəhəri tərk etməmək barədə iltizamı var idi) ittiham edilərək onun  barəsində 1 aylıq həbs qət imkan tədbiri seçilib. Elə həmin gün 3 QHT-nin – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin bölgə nümayəndəliyinin, “Demos” İctimai Birliyinin və QHT – Gəncə Regional İnformasiya Mərkəzinin ofisləri Gəncənin icra hakimiyyəti nümayəndələri və polis əməkdaşlarının tələbləri nəticəsində boşaldılıb. Dəyanət Babayev də martın 4-dən yoxa çıxıb və sonradan onun 10 sutkalıq inzibati həbsə atılması barədə məlumat yayılıb.  

 

   İHK-nın araşdırmaları nəticəsində məlum olmuşdur ki, hər üç addım ciddi qanun pozuntuları şəraitində həyata keçirilmişdir. Hacıyevin Gəncəni tərk etməsini sübut edən halların mövcud olmamasına baxmayaraq onun barəsində həbs qətimkan tədbiri seçilib. Hacıyevin proses zamanı heç bir vəsatəti təmin edilməyib, vəkillərinin onunla görüşünə icazə verilməyib. Bundan əlavə Hacıyev polis tərəfindən döyülməyə və işgəncəyə məruz qaldığını məhkəmə prosesində bildirsə də, bununla bağlı heç bir araşdırılmaya başlanılmayıb. QHT-lərin ofislərinin boşaldılması və əməkdaşların çıxarılması da heç bir əsas göstərilmədən və məhkəmə qərarı olmadan həyata keçirilib. Dəyanət Babayev barəsində 10 sutkalıq inzibati həbs qərarı martın 4-də çıxarılsa da, bu barədə onun yaxınlarına heç bir məlumat verməyiblər. nəsimi rayon məhkəməsi tərəfindən çıxarılan qərarda həbsin səbəbi isə yalnız acı təəssüf doğura bilər:”mobil telefonla uca səslə danışıb və söyüş söyüb”.  

 

İHK hesab edir ki, Hacıyevə, Babayevə və QHT-lərə edilən təzyiqlər siyasi motivlidir. Belə ki, Hacıyev 7 noyabr 2010-cu il parlament seçkilərində namizəd kimi hakimiyyəti tənqid edən çıxışlar edib, martın 11-ə təyin edilən və facebook-da yayılan ümumrespublika xalq etirazı tədbirinin təşkilatçılarından biri olub. Eyni zamanda Hacıyev Müsbət Dəyişikliklər Gənclər Hərəkatının təşkil etdiyi fleşmob aksiyalarda yaxından iştirak edib. Babayev isə AXCP Gənclər Komitəsi tərəfindən təşkil edilən etiraz aksiyalarının aktiv iştirakçılarından biri olmuşdur. O digər AXCP üzvü Cabbar Savalanlının məhkəməsi qarşısında da bir neçə gün əvvəl saxlanılmış və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılmışdı. Adları çəkilən QHT-lər isə yerli vətəndaş cəmiyyəti təşkilatları olaraq ictimai-siyasi həyatda baş verən neqativ halların aşkarlanması və aradan qaldırılması işində  fəal iştirak ediblər, fikir mübadiləsi və insanların sərbəst şəkildə öz fikirlərini ifadə etmələri üçün səylər göstərən QHT-lər kimi tanınıblar.

 

İHK Azərbaycan hakimiyyətindən bu tip təzyiqlərə son qoymağı, Bəxtiyar Hacıyevi, Dəyanət Babayevi, eyni zamanda siyasi motivlərlə həbs edilmiş Cabbar Savalanlını, Ruslan Bəşirlini, Eynulla Fətullayevi və digər şəxsləri dərhal azad etməyi, QHT-lərin fəaliyyətini bərpa etməyi və bu fəaliyyətə mane olmamağı tələb edir. İHK eyni zamanda beynəlxalq ictimaiyyəti bu məsələlərə diqqət ayırmağa və Azərbaycan hakimiyyətindən bu cür repressiyalara son qoymağı tələb etməyə çağırır.

 

*İnsan Hüquqları Klubu 2010-cu il dekabrın 10-da bir neçə hüquq müdafiəçisi (Emin Hüseynov, Səbuhi Qafarov, Rəsul Cəfərov, İdrak Abbasov, Zöhrab İsmayılov, Natiq Cəfərli,  və s.) tərəfindən yaradılan hüquq müdafiə təşkilatıdır.    

 

Previous Post

RATİ ƏMƏKDAŞLARI QANUNSUZ OLARAQ SAXLANILIBLAR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.