Jurnalist barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilib

1343037316_shirin-ceferi

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri barəsində açılmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə bu gün (4 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin təsisçisi Şirin Cəfəri məlumat verib.

Ş. Cəfərinin sözlərinə görə, o Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində tanınıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

“İstintaqla müəyyən edilib ki, qəzetin təsisçisi olaraq mən, vergi ödəyicisi kimi qəzetin nəşri və satışını həyata keçirərkən vergi qanunvericiliyinin tələblərinə əsasən vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etməli və vergi öhdəliklərini yerinə yetirməli olduğum halda, həmin tələbləri pozaraq 2009-2011-ci illər üçün sadələşdirilmiş vergi 3.316 manat olduğu zaman, həmin dövr üçün vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə yalan məlumatlar daxil edərək sadələşdirilmiş vergini 82 manat göstərmişəm. Bundan başqa 2009-cu ildə gəlir vergisi 25 min 900 manat, 2010-cu ildə isə 42 min 344 manat olmaqla, cəmi 68 min 244 manat olmasına baxmayaraq həmin illərdə gəlir vergisi ilə bağlı vergi orqanlarına bəyannamə təqdim etməmiş və beləliklə ümumilikdə 71 min 478 manat məbləğində külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayınmışam” –deyə Ş. Cəfəri bildirib.

Ş. Cəfəri onu da əlavə edib ki, cinayət işi üzrə istintaqın  tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Kəpəz rayon məhkəməsinə göndərilib.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya  Qarşı Mübarizə İdarəsi “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin barəsində CM-in 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi qaldırıb.    Buna səbəb kimi isə qəzetin fəaliyyətinin araşdırılması ilə bağlı Mətbuat Şurasının müraciəti göstərilir. Məlumata görə, qəzet şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşdığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına, “Jurnalistlərin peşə davranışı qaydaları”nı mütəmadi pozduğuna görə Mətbuat Şurasının “Qara siyahı”sına düşüb. Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, istintaq zamanı müəyyən olunub ki, Cəfəri yalnız KİV haqqında qanunun tələblərini pozmayıb, həm də vergi qanunvericiliyinin tələblərinə əməl etməyib. Məlumata görə, vergi ödəyicisi kimi verginin hesablanması üçün zəruri olan hesabatlar tərtib olunmayıb, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu aparılmayıb, o cümlədən dərc olunmuş tirajın sayı göstərilməyib, nağd pul hesablaşmalarının aparılması qaydaları pozulub. Beləliklə, küllü miqdarda, 68.244 manat məbləğində vəsait vergidən yayındırılıb. Son olaraq isə qəti olaraq baş redaktorun 107 min manat cərimə ödəməsi tələb edilir. O isə məsələ ilə bağlı məhkəməyə müraciət edib.

 Qeyd edək ki, “Gündəm Xəbər” qəzeti 2009-cu ilin iyun ayından etibarən nəşr olunur.

Previous Post

Həbsdə olan jurnalist aclıq aksiya başlayır

Next Post

Məhkəmə jurnalisti həbsdə saxladı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.