Jurnalist peşə fəaliyyətini yerinə yetirən zaman döyülüb

iyun 18th, 2013

558047_511143445614528_1079208119_n

İyunun 15-də avropa.info saytının əməkdaşı Saleh Qafarlı peşə fəaliyyətini yerinə yetirən zaman fiziki hücuma məruz qalaraq döyülüb. Bu barədə bu gün (17 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.

Jurnalist S.Qafarlının sözlərinə görə, İmişli-Biləsuvar yolunun üzərində (Biləsuvar ərazisində) yerləşən fahişəxanada gizli olaraq videoçəkiliş apardıqdan sonra obyektin sahibi və onun yanındakı bir neçə nəfər tərəfindən vəhşicəsinə döyülüb.

 “Obyektin sahibi olduğu deyilən Allahverən adlı şəxs 13 nəfər şəxslə birlikdə üstümə hücum çəkdi. Allahverən və yanındakı qoçu dəstəsi mənə zərbələr vurmağa başladılar. Bir müddət döyəndən sonra mobil telefonumu, qol saatımı və şəxsiyyət vəsiqəmi götürdülər. Allahverən mənə “Sən heç bilirsən kimə ilişmisən? Sən heç bilirsən bura kimin obyektidir?” deyə hədə-qorxu gəldi. İki saat davam edən fiziki və mənəvi işgəncələrdən sonra kafeyə gələn tanımadığım şəxslərin müdaxiləsi nəticəsində bizi girovluqdan buraxdılar. Üzərimdə olan əşyaları isə özlərində saxladılar. Yanımdakı şəxslər dərhal məni İmişli Rayon Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə gətirdilər. Həkimlər ilkin müayinə zamanı bədənimdəki xəsarətləri qeydə aldılar və tibbi yardım göstərdilər. DİN-in “102” xidmətinə zəng vurub hadisə barədə məlumat verdim. İmişli Polis Şöbəsinin əməkdaşları məni və yanımda olan şahidləri polis bölməsinə gətirdilər. Məndən izahat alıblar və tibbi ekspertiza keçirilib. Ekspertiza rəy verib ki, mənim bədənimdə döyülmə nəticəsində yaranmış xəsarətlər var”,-deyə jurnalist qeyd edib.

Cəbrayıl rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Araz Şahverdiyev RATİ-yə açıqlamasında, hadisə ilə bağlı  “102” xidmətindən məlumat aldıqlarını və sözügedən şəxsin ərizəsinin şöbəyə daxil olduğunu deyərək, müvafiq tədbirlərin görüləcəyini bildirib.