JURNALİSTİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (08 noyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlovun və “Milli Yol” qəzetinin müxbiri Anar Əliyevin Xəzər rayon Polis İdarəsinə qarşı cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 avqust 2010-cu il tarixli qərarından verdikləri şikayət üzrə Xəzər rayon Məhkəməsinin 26 oktyabr 2010-cu il tarixdə çıxardığı hökmdən verdikləri apellyasiya şikayəti üzrə proses keçirilib.

. Prosesdə iddiaçının apellyasiya şikayəti təmin edilməyib. Bu  barədə bu gün (08 noyabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elmin Bədəlovun nümayəndəsi Fariz Namazlı məlumat verib.

Prosesdə iddiaçının nümayəndəsi F.Namazlı , Xəzər rayon Polis İdarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısı Elgiz Teymurov  və Xəzər rayon Prokurorunun köməkçisi Çingiz Ağayev iştirak ediblər.

F.Namazlı bildirdi ki, prosesdə tərəflərin çıxışları dinlənilib və müşavirədən qayıdan hakim şikayətin təmin edilməməsi barədə qərarını elan edib.

Xatırladaq ki, 28 iyul 2010-cu il tarixində  Mərdəkanda varlılar məhəlləsindən reportaj hazırlayarkən jurnalistlər E.Bədəlov və A.Gəraylı fiziki təzyiqə məruz qalıblar, “Yeni Müsavat” qəzetinin redaksiyasına məxsus fotoaparat zədələnib. Zərərçəkmişlər bildiriblər ki, nəqliyyat naziri Ziya Məmmədovun olduğu bilinən imarətin şəklini çəkən zaman mühafizəçilər tərəfindən döyülüblər. 3 saata yaxın saxladıqdan sonra fotoaparatın yaddaşında olan şəkilləri silməklə yanaşı, kartı da sındıraraq, jurnalistləri sərbəst buraxıblar. Şikayətçilər baş vermiş hadisə ilə bağlı Xəzər rayon 1-ci polis bölməsinə şikayət ediblər. Daha sonra 02 avqust 2010-cu il tarixində  jurnalistlərin fiziki təzyiqə məruz qalması ilə bağlı şikayət araşdırılma məqsədilə Xəzər rayon 1-ci polis bölməsindən alınaraq Xəzər rayon Polis İdarəsinin təhqiqat şöbəsinə verilib. Hər iki şikayətçi baş vermiş cinayət işinin düzgün araşdırılmadığını hesab edərək,  Xəzər rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 17 avqust 2010-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın  qanunsuz olduğu üçün ləğv edilməsi və 28 iyul 2010-cu ildə döyülmə faktı ilə bağlı şikayətin ətraflı araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiası ilə məhkəməyə müraciət ediblər. Məhkəmə 26 oktyabr 2010-cu il tarixində iddianın təmin edilməməsi ilə bağlı qərarını elan etdikdə, iddiaçılar apellyasiya şikayəti veriblər.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 5 NOYABR 2010

Next Post

SƏSVERMƏ GÜNÜ ÇOXSAYLI JURNALİST TƏZYİQLƏ ÜZLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.