Jurnalistin məhkəməsinin izlənilməsinə imkan verilməyib

Nicat Əliyev

Mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyevin məhkəmə prosesi keçirilib. Prosesin  açıq olaraq keçirildiyi bildirilsə də, zala giriş sayına məhdudiyyyət qoyulub və  az sayda media nümayəndələri içəri daxil ola biliblər.

Prosesdən sonra RATİ-yə açıqlama verən N. Əliyevin vəkili Anar Qasımlı hüquqlarını müdafiə etdiyi N. Əliyevin ifadə verməkdən imtina etdiyini, həmçinin Əliyevin müdafiəsinə daha iki vəkilin – Yalçın İmanovun və Abil Bayramovun da qoşulduğunu dedi:

“Bugünkü prosesdə şahidlərin ifadəsi dinlənildi. Şahidlər əsasən işə aidiyyatı olmayan və Nicat Əliyevlə birgə  təqsirləndirilən şəxslərin yaxınları idilər. Onlar da işin mahiyyətinə dair heç bir ifadə vermirdilər, əksəriyyəti də ifadə verməkdən imtina etdilər” –deyən vəkil A. Qasımlı növbəti prosesin 23 may saat 10:30-a təyin edildiyni bildirdi.

 Xatırladaq ki, 2012-ci may ayının  20-də Avroviziya mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Fevralın 15-də Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Nicat Əliyevin istintaq müddətinin yenidən 2 ay uzadılması barədə qərar çıxarılıb.

Əksər beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları N.Əliyevin hökumətin dini, LGBT hüquqları və digər məsələlərlə bağlı siyasətini, habelə Avroviziya Mahnı Müsabiqəsinə böyük xərc çəkməsini tənqid etdiyinə görə həbs edildiyini hesab edir.

 

Previous Post

Jurnalistin həbs müddəti yenidən uzadıldı

Next Post

Jurnalist ona edilən hədələrlə bağlı dindirilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.