Bu gün (30 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) və “Turan” informasiya agentliyinin əməkdaşları Rasim Əliyev və Qəmbər Qəmbərov təzyiqlə üzləşiblər. Yaxınlarının qəbirlərinin başqa qəbiristana köçürülməsinə etiraz edən bir qrup vətəndaşın keçirdiyi aksiya ilə bağlı çəkiliş aparmaq üçün Prezident Administrasiyasının qarşısına gələn jurnalistlər aksiyanın başa çatdığını görüblər.
Administrasiyanın qarşısında olan polis nəfərləri Qənbər Qənbərova və Rasim Əliyevə yaxınlaşaraq, onlara qarşı fiziki təzyiq göstərməklə çəkiliş avadanlıqlarını zorla əllərindən almağa çalışıblar. Daha sonra Prezident Administrasiyasının mühafizə xidmətinin əməkdaşları jurnalistləri administrasiyasının binasına aparıblar. Orada özünü təqdim etməyən şəxs jurnalistlər haqqında məlumatları qeyd edib və bildirib ki, Prezident Administrasiyasının binasını çəkmək qadağandır. O, çəkilişlərə baxış keçirib və administrasiya binasının çəkilmədiyinə əmin olduqdan sonra jurnalistləri sərbəst buraxmışdır.
Xatırladaq ki, Prezident Administrasiyasının görüntüsünü çəkdiyinə görə jurnalistlərin saxlanması halları dəfələrlə baş vermişdir. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu bununla bağlı Prezident Administrasiyasına yazılı sorğu ilə müraciət edərək, binanın çəkilməsinin qadağan edilməsinin hansı qanunla tənzimləndiyini soruşsa da, artıq 4 ay keçməsinə baxmayaraq, hələ də rəsmi yazılı cavab verilməmişdir.
Qeyd edək ki, sözügedən ərazidə Prezident Administrasiyasının binasının görüntüsünün çəkilməsini qadağan edən müvafiq xəbərdarlıq lövhələri vurulmamışdır. Həmçinin Administrasiya binasının çəkilişini qadağan edən normativ hüququ akt da mövcud deyil.