MƏTBUATI MÜDAFİƏ KOMİTƏSİ DƏYİRMİ MASA TƏŞKİL EDİB

Bu gün (6 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində (RATİ) “Jurnalist Ekspert Mərkəzi” və “Demokratik İslahatlar Uğrunda Cəmiyyəti”nin birgə yaratdığı Mətbuatı Müdafiə Komitəsi “Milli Birlik Hərəkatı”nın rəhbəri Lalə Şövkət Hacıyevanın “Ölkə” qəzetinə qarşı iddia qaldırması ilə bağlı Dəyirmi Masa keçirib.

“Jurnalist Ekspert Mərkəzi”nin rəhbəri Ceyhun Musaoğlu qaldırılan iddiaların və böyük məbləğdə pul tələbinin qəzetlərin fəaliyyətinə zərbə vurduğunu bildirdi. O qeyd etdi ki, Mətbuatı Müdafiə Komitəsi bununla bağlı təkliflər hazırlayaraq, Milli Məclisə və beynəlxalq təşkilatlara müraciət edəcək.  
“Demokratik İslahatlar Uğrunda Cəmiyyəti”n koordinatoru Oqtay Güləliyev isə L.Hacıyevanın “Ölkə” qəzetinə qarşı qaldırdığı iddianın başadüşülən olmadığını bildirdi. O, haqq-ədaləti və söz azadlığını müdafiə etməli olan şəxsin azad sözə qarşı çıxmasını pislədiyini, bütün jurnalistlərin və QHT-lərin bu məsələdə birgə mübarizə aparmalı olduğunu bildirdi.
“Ölkə” qəzetinin baş redaktoru Rəfael Becanov isə bildirdi ki, iddiaya səbəb olmuş məqalədə Lalə Şövkət “agent” kimi təqdim olunmayıb, sadəcə olaraq Müsavat partiyasının başqanı İsa Qəmbərin “Azərbaycan müxalifətində xarici kəşfiyyata işləyənlər var” fikrinə onun reaksiya verməsi şərh edilib. Buna baxmayaraq R. Becanov L. Şövkətlə müzakirələr aparmağa və ona böhtan atıldığını sübut edərsə, üzr istəməyə hazır olduqlarını bildirdi.
Jurnalist İdrak Abbasov hər bir kəsin məhkəməyə müraciət etməsinə normal yanaşdığını, lakin jurnalistə qarşı böyük məbləğdə pul tələbini pislədiyini bildirdi.
İddiaya səbəb olmuş yazının müəlliflərindən biri olan Nicat Dağlar yazıda təhqir və böhtan olmadığını və buna görə heç kəsdən üzr istəmək fikrində olmadığını bildirdi.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə məqalədə “Madam” ləqəbli agentin Lalə Şövkət olduğu başa düşüldüyünü bildirdi. O, işçi qrupu yaradılmasını və Lalə Şövkətlə müzakirələr aparmaq yolu ilə bu məsələni həll etməyi təklif etdi.
Tədbirdə işçi qrupunun yaranması ilə bağlı qərar qəbul edilib.
Xatırladaq ki, “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyeva “Ölkə” qəzetinin 11-17 fevral tarixli buraxılışında “”Madam” ləqəbli agent kimdir?” başlıqlı yazısında barəsində həqiqətə uyğun olmayan məlumatların yer aldığını iddia edərək, cavabdehlərin təkzib verməsini, üzr istəməsini və onlardan hər birinin 100 min manat məbləğində cərimələnməsini tələb edib.

Previous Post

MƏTBUATI MÜDAFİƏ KOMİTƏSİ DƏYİRMİ MASA TƏŞKİL EDİB

Next Post

“AZADLIQ” RADİOSUNUN BAKI BÜROSUNUN RƏHBƏRİ MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNƏ ÇAĞIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.