“Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Müşfiq Hüseynov haqqında çıxarılmış məhkəmə hökmündən Ali Məhkəməyə verilmiş kassasiya şikayəti icraata götürülüb.
Bu barədə məlumatı RATİ-yə jurnalistin vəkili Vüqar Xasayev verib. Onun sözlərinə görə, şikayətə Ali Məhkəmənin hakimi Müzəffər Ağazadənin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Müşfiq Hüseynov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Camal Ramazanovun 21 yanvar 2008-ci il tarixində çıxardığı qərarla 6 il müddətinə azadlıqdan və 2 il müddətinə isə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmişdi. Apellyasiya Məhkəməsi isə yalnız jurnalistə verilən 6 il cəzanı 5 illə əvəz edib.
Yeri gəlmişkən, M. Hüseynovun həbsdə olan yeganə jurnalistdir ki, ona iki il müddətinə jurnalistika fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.