Seçki öncəsi RATİ-nin Naxçıvandakı bölgə müxbirləri Elman Abbasov, Həkimeldostu Mehdiyev və jurnalist, “Demokratiya və QHT-lərin İnkşaf Resurs Mərkəzi”-nin əməkdaşı İlqar Nəsibova qarşı təxribatlar və təzyiqlər başlayıb. Bu barədə RATİ-yə H.Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, yaşadığı Şərur rayonunda MTN-in Şərur rayon şöbəsinin əməkdaşları qohumları və yaxınlarına təzyiq edərək onunla ünsiyyət saxlamamağı tələb edir. E.Abbasov və İ. Nəsibov isə küçədə öyrədilmiş adamlar tərəfindən nalayiq söyüşlərlə söyülür, təhqir edilir və onlara qarşı təxribat xarakterli hərəkətlər olunur.
“Evimizə sanki kamera və dinləyici qurğu qoyublar. Bizə gəlib gedən adamları sonradan danışdırır və onlara təzyiq edirlər. Onlara mənim yaxşı işlərlə məşğul olmadığım, Naxçıvan haqqında düzgün olmayan məlumatlar yaydığımı bildirilərək mənimlə ünsiyyət qurmamağı tələb edirlər. Həmin adamlar isə sonradan mənə baş verənləri bildirirlər. Bu işdə MTN-nin Şərur rayonun şöbəsi xüsusi fəallıq edir”, – deyə H.Mehdiyev bildirib.
Məsələ ilə bağlı RATİ-nin Naxçıvandakı əməkdaşlarının MTN-in Şərur rayon şöbəsinə etdiyi telefon zəngləri cavabsız qalıb.
Xatırladaq ki, RATİ-nin Naxçıvandakı müxbirləri E.Abbasov, H. Mehdiyev, “Turan” İA –nin müxbiri, , “Demokratiya və QHT-lərin İnkşaf Resurs Mərkəzi”-nin sədri Məlahət Nəsibova, jurnalist “Demokratiya və QHT-lərin İnkşaf Resurs Mərkəzi”-nin əməkdaşı İ.Nəsibov jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyət göstərirlər. Muxtar Respublikada baş verən hadisələr, insan hüquqları sahəsində baş verən pozuntular adı çəkilən jurnalistlər tərəfindən ictimailəşdirilir.