RATİ-NİN 10-DEKABR BEYNƏLXALQ İNSAN HAQLARI GÜNÜ MÜNASİBƏTİLƏ BƏYANATI

Reportyorların  Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 10 dekabr  Beynəlxalq İnsan Haqları  Günündə Azərbaycanda söz azadlığı, insan hüquq və azadlıqları  sahəsində durumun  kəskin vəziyyətə olmağını və   Beynəlxalq İnsan Haqları  Gününə Azərbaycan hökumətinin biganə qalmağını pisləyir.

Belə ki, 1948-ci ildə BMT Baş Assambleyası İnsan Haqları Bəyannaməsini qəbul edib. Bu sənəd insan hüquqları sahəsində beynəlxalq standartların əsası sayılır, bu sahədə icbari hüquqi qüvvəyə malik olan beynəlxalq müqavilələrin əsaslandığı təməl prinsip hesab olunur. BMT-nin baş katibi Pan Gi Mun İnsan Haqları  Günü dünya birliyinə müraciətində hər bir vətəndaşı insan hüquqlarının müdafiəçisi olmağa çağırıb.

RATİ dərin təəssüf hissi ilə qeyd edir ki, beynəlxalq hesabatlarda insan haqlarının pozulmasına gorə ön sıralarda olan Azərbaycanda hakimiyyət bu dəfə də 10 dekabra məhəl qoymadı. Bu günə nə hökümət rəhbərliyi səviyyəsində münasibət bildirildi, nə də həbsdə olan vicdan məhbusları, o cümlədən jurnalist Eynulla Fətullayev həbsdən azad edilmədi.
           

Belə ki,  “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru  Eynulla Fətullayev beynəlxalq və yerli  ictimaiyyətin israrlı çağırışlarına, Avropa İnsan Hüquqları Məhkəməsinin onun dərhal azad olunmağına dair çıxardığı qərara  baxmayaraq  hələ də həbsxanadadır.

RATİ həmçinin bəyan edir ki, 2009 ilin əvvəlindən hakimiyyət   Azadlıq Radiosu, BBC, Amerikanın Səsi radiostansiyalarının milli FM tezlikdə yayımını dayandırılıb və  faktiki olaraq  Azərbaycan əhalisini  elektron informasiya vasitələrindən düzgün informasiya əldə etmək hüququndan mərhum edib.   

Hakimiyyəti kəskin tənqidi məqalələri ilə qınağa çəkən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən beş ildən artıq vaxt keçsə də, bu günə kimi bu qətlin icraçıları və sifarişçiləri cinayət məsuliyyətinə cəlb olunmayıblar. İfadə azadlığına görə məhkum olunan “Talişi Sədo” qəzetinin baş reaktoru həbsxanada dünyasını müəmmalı şəkildə dəyişsə də, bu ölümə görə də günahkar olan şəxslər müəyyənləşdirilməyib. Bu ölüm onu göstərdi ki, həbsxanada saxlanılan jurnalistlərin həyati hər an təhlükə ilə üz-üzədir. Həbsxanada saxlanılan zaman Eynulla Fətullayevin paltarlarına  narkotiklərin yerləşdirilməsi onu göstərir ki, jurnalisti həbsxanada ölüm təhlükəsi ilə yanaşı növbəti saxta cinayətlərdə ittiham etmə təhlükəsi də gözləyir.

RATİ qeyd edir ki, 2005-ci parlament seçkiləri ərəfəsində və bu seçkilərdən sonra həbs edilən bir neçə vicdan məhbusu hələ də həbsdədir. Habelə Bakı şəhərində Füzuli küçəsində “Qış parkı”nın salınmağı üçün əhalinin mülklərinin zorla əllərindən alınaraq sökülməsi Azərbaycanda insanların yalnız, ifadə, sərbəst toplaşmaq,  siyasi azadlıqlardan başqa mülkiyyət, işıq, qaz, su və sair sosial hüquqları da mütəmadi olaraq pozulur.

RATİ Azərbaycan hökumətinə  üz tutaraq insan hüquqları əleyhinə yönələn addımlara son qoymağa,  həbsdə olan  vicdan məhbuslarını və xüsusi olaraq jurnalist Eynulla Fətullayevi dərhal azad etməyə, Elmar Hüseynovun qatillərini və sifarişçiləri  cinayət məsuliyyətinə cəlb etməyə, defamasiya haqqında qanun qəbul etməyə, yeni televiziya və radioların açılması üçün mütəmadi və şəffaf tenderlər keçirməyə, xarici radioların yeli tezliklərdə yayımına icazə verməyə, ölkədə media sahəsini tənzimləyən bir çox mürtəce qanunları liberallaşdırmağa, sərbəst toplaşmaq, siyasi və mülki azadlıqları təmin etməyə çağırır.

 

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

PARLAMENT SEÇKİLƏRİNƏ DAİR MEDİA MONİTORİNQİNIN YEKUN NƏTİCƏLƏRİ AÇIQLANDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.