Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) martın 1-də Qubada baş verən aksiya zamanı “Obyektiv tv”-nin əməkdaşları Rəşad Əliyevin və İdrak Abbasovun fiziki təzyiqə məruz qalmasından narahatlığını bildirir və bunu həyata keçirənləri qınayır.
Qeyd edək ki, martın 1-də səhər saatlarında Quba şəhərinin mərkəzində 1000 nəfər şəhər sakini ilə başlayan etiraz aksiyası get-gedə genişlənərək kiçik xalq üsyanına çevrilib. Buna səbəb isə rayon icra hakimiyyəti başçısı Rauf Həbibovun qubalıları təhqir edən çıxışı səbəb olub. Nəticədə şəhərə əlavə hərbi və polis qüvvələri yerləşdirilib və polislə əhali arasında qarşıdurma yarandı. Hiddətlənmiş sakinlər icra başçısının evini yandırıblar, onlarla aksiyaçı həbs edilib. Polis aksiyaçıları gözyaşardıcı qazla dağıdıb. Yaranan qarşıdurma zamanı “Obyektiv tv”-nin jurnalist-operatoru Rəşad Vaqifoğlu başından yaralanıb və beyin silkələnməsi olub. RATİ əməkdaşı İdrak Abbasov qolundan xəsarət alıb. Eyni zamanda “Azadliq” radiosunun əməkdaşı Cavanşir Ağamalıyev, Abbas Atilay, “Turan” informasiya agentliyinin müxbiri Tapdıq Fərhadoğlu, Fərid Qəhrəmanov və “Yeni Müsavat” qəzetinin fotomüxbiri Fərahim İlqaroğlu gözyaşardıcı qazdan zəhərlənməyə məruz qalıblar.
RATİ hesab edir ki, jurnalistlərin fiziki təzyiqə məruz qalması onların peşə borcunu yerinə yetirməsinin qarşısının alınmasına cəhddir.
RATİ hakimiyyətdən jurnalistlərin təhlükəsizliyinə təminat verilməsini və bu kimi halların bir daha təkrarlanmaması üçün ciddi tədbirlər görülməsini tələb edir.