SABİQ DEPUTATLIĞA NAMİZƏDİN QOHUMLARININ POZULMUŞ HÜQUQLARI HƏLƏ DƏ BƏRPA EDİLMƏYİB

Bu gün (16 dekabr) bir qrup hüquq müdafiəçisi – RATİ-nin Naxçıvandakı bölgə müxbirləri Elman Abbasov və Həkimeldostu Mehdiyev, Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova, eyni zamanda RATİ-nin  nümayəndəsi Rəsul Cəfərov Şərur rayonunu Püsyan kəndində deputatlığa keçmiş namizəd Səxavət Əliyevin polis zorakılığı ilə üzləşən qohumları ilə görüşüblər.

Səxavət Əliyevin yaxınları üzləşdikləri təzyiqlərlə bağlı bu gündən müddətsiz aclıq aksiyasına başlayıblar. Onlar dekabrın 10-da döyülən şəxslərin müalicəsi üçün şərait yaradılmasını və hadisələrə hüquqi qiymət verilməsini tələb edirlər.

 

Səxavət Əliyevin yaxınları Naxçıvanın Bakı nümayəndəliyinin qanunsuz olaraq sökülən dükanın qeyri-qanuni fəaliyyət göstərməsi ilə bağlı açıqlamasını da təkzib ediblər. Onların sözlərinə görə həyətlərinin daxilində olan bu dükan 2004-cü ildə alınan şəhadətnamə əsasında fəaliyyət göstərib və sonuncu dəfə noyabrın sonlarında dükan sahibi tərəfindən vergilər ödənilib. Onlar şəhadətnaməni və ödənilmiş qəbzləri hüquq müdafiəçilərinə göstəriblər.

 

Habelə dünən axşam saatlarında Səxavət Əliyevin bacısı oğlu Zakir Tağıyev Şərur rayon Polis Şöbəsinə aparılıb və ona xəbərdarlıq edib: “Dedilər ki, get dayın Çapaya de ki, özünü artistliyə vurmasın,  gəlib dükandan götürülən  mallarını aparsın. Səxavətə isə de ki, o qəzetlərə nə qədər müsahibə verə də faydası yoxdur, onsuz da onu həbs edəcəyik”.

 

Qeyd edək ki, hadisənin baş verdiyi Püsyan kəndində vəziyyət ağır olaraq qalır. Kənddə hələdə polis nəzarəti var. Çapay Əlisoyun, bacısı Rəxşəndə Tağıyevanın  və əmisi qızı Gülarə Əliyevanın vəziyyəti ağır olaraq qalır. Onların vəziyyəti ilə maraqlanan olmayıb və  heç bir tibbi yardım göstərilməyib.

Xadırladaq ki, 7 noyabr parlament seçkilərində və bu seçkilərdən sonra 2 saylı Şərur Dairə Seçki Komissiyasından (DSK) “AXCP-Müsavat” blokunun vahid namizədi olmuş Səxavət Əliyevin qohumlarına qarşı da təzyiqlər olub. Namizədin qardaşı Sabit Əliyev Püsyan kənd icra nümayəndəsi də başda olmaqla bir neçə məmur tərəfindən təxribata çəkilib. Noyabrın 12-i o, heç bir əsas olmadan Şərur rayon Polis Şöbəsinə aparılıb. Şikayətçilər iddia edirlər ki, güya Sabit Əliyev kəndin icra nümayəndəsi Amili Əbilov, Püsyan kənd orta məktəbinin direktor əvəzi Asəmin  Mahmudovu və kəndin mollası Yasin Əliyevi  təhqir edib. Günahlandırılan Sabit Əliyev  isə deyilənləri təkzib edib. Bildirib ki, onun şikayət yazanlara qarşı heç bir qərəzi olmayıb. Sadəcə hər kəsin qarşısında seçkilərin saxtalaşdırılmasını və səslərin oğurlanmasını bildirib.  Nəticədə o, məhkəmənin hökmü olmadan 7 gün Şərur rayon Polis Şöbəsində saxlanılıb.      
           

10 dekabrda Səxavət Əliyevin qardaşı Çapay Əlisoyun evinə polis basqın edib. Onun həyətində olan kiçik dükanı və dükana bitişik olduğu uçün evinin bir hissəsi  traktorla dağıdılıb. Ç.Əlisoy, bacısı Rəxşəndə Tağıyeva, əmisi qızları Gülarə və Balaxanım Əliyevalar, bacılarından Rəxşəndə Tağıyevanın həyat yoldaşı Bayram Tağıyev, bacıoğlusu Zakir Babayev polislər tərəfindən qəddarlıqla döyülüblər. Basqına rəhbərliyi Şərur rayon Polis İdarəsinin rəisi Məmməd Hüseynov və İbadullah Polis Bölməsinin rəisi Əhməd Təhməzov edib. Baş nahiyəsindən aldığı güclü zərbələr nəticəsində Çapay Əlisoyun vəziyyəti ağırlaşıb. Püsyan kəndində yerləşən tibb məntəqəsinin  həkimi Aydın Əliyev tibbi yardım göstərməyə gəlsə də, xəstənin vəziyyəti ağır olduğu üçün ona heç cür yardım edə bilməyəcəyini deyib. Onun təcili olaraq xəstəxanaya çatdırılmasını məsləhət bilib. Təcilli tibbi yardım mərkəzindən isə maşınlarının olmamasını bəhanə edərək hadisə zamanı xəsarət alanlara tibbi yardım göstərməkdən imtina edilib.

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 16 DEKABR 2010

Next Post

JURNALİSTLƏR VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİ NAXÇIVANDA TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.