SÖZ VƏ İFADƏ AZADLIĞI FORUMU KEÇİRİLDİ

Azərbaycanda söz və ifadə azadlığı sahəsində vəziyyət böhran xəttinə yaxındır və bu sahədə problemlərin həlli üçün kompleks tədbirlər görülməlidir, “Azərbaycanda söz və ifadə azadlığına ictimai dəstək” mövzusunda sentyabrın 9-da keçirilən  forumda səslənən əsas fikir belə olub.

 Ölkənin bir sıra aparıcı jurnalist təşkilatı və KİV-ləri tərəfindən təşkil edilmiş forumda 10 jurnalist və hüquq-müdafiə təşkilatının nümayəndələrindən ibarət beynəlxalq missiyanın üzvləri də iştirak ediblər. Lakin ölkə hakimiyyəti foruma məhəl qoymayıb.

 ”Azərbaycan Jurnalistlər Birliyinin” sədri  Elçin Şıxlinskiy bildirib ki, azad fikir olmadan azad insan da ola bilməz, bunsuz isə azad cəmiyyət mümkün deyil.                                      

 
 “Söz və ifadə azadlığının pozulması təkcə jurnalistlərin problemi deyil və onu ictimai dəstək və vətəndaş həmrəyliyi olmadan həll etmək mümkün deyil”, – deyə o, qeyd etdi.

Bir sıra beynəlxalq təşkilatların rəhbərləri: BMT-nin ifadə və informasiya azadlığı üzrə xüsusi məruzəçisi Frank La Rua, habelə ATƏT-in media azadlığı üzrə keçmiş xüsusi nümayəndəsi Mikloş Haraşti forum iştirakçılarını videomüraciətlə salamlayıb. Onlar böhtana görə cinayət məsuliyyətini ləğv etməyə, jurnalist Eynulla Fətullayev və blogerlər – Emin Milli və Adnan Hacızadəni həbsdən azad etməyə çağırıblar.

«Artikl 19» təşkilatının  direktoru Anyess Kalamar Azərbaycanda söz və ifadə azadlığının durumunu  «çıxılmaz» adlandırıb. “Çünki ölkə hakimiyyəti vəziyyətin dəyişməsini istəmir. Dünya ictimaiyyəti buna göz yummamalı və öz hökumətlərindən Azərbaycanda azadlıqların pozulması məsələsini qaldırmağı tələb etməlidir”, – deyə o vurğulayıb.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev problemlərin həlli üçün kompleks tədbirlər görülməsi zərurətini qeyd edib. Bu tədbirlər sırasında o, diffamasiya haqqında qanunun qəbulunu, peşə etikası normalarına daha çox riayət olunmasını, mətbuatın iqtisadi asılılığının azaldılmasını, təhsil səviyyəsinin yüksəldilməsini və müasir jurnalistika məktəbinin yaradılmasını, sosial jurnalistikanın dəstəklənməsini qeyd edib.

«Sərhədsiz reportyorlar»ın təmsilçisi Lyusi Murillon sosial jurnalistikanın, xüsusən, ənənəvi KİV-in hökumətin nəzarəti altında olduğu ölkələrdə, rolunu qeyd edib.

Forum həmçinin jurnalist Eynulla Fətullayev, blogerlər Emin Milli və Adnan Hacızadənin həbsdən dərhal azad edilməsi çağırışı ilə hakimiyyətə müraciət etmək qərarı qəbul edib.

Previous Post

BAKIDA “FRONTLINE” DİSKUSSİYA KLUBU AÇILDI

Next Post

BAKIDA İFADƏ AZADLIĞINA HƏSR OLUNMUŞ BEYNƏLXALQ FORUM KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.