TƏHSİL ÜZRƏ EKSPERTƏ QARŞI İDDİA QİSMƏN TƏMİN EDİLDİ

Bu gün (2 iyun) Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Təhsil Problemləri İnstitutunun (TPİ) direktoru Abdulla Mehrabovun təhsil üzrə ekspert Əlövsət Osmanlıya qarşı qaldırdığı mülki iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçının vəkili Xalid Bağırov, cavabdeh Ə. Osmanlı və onun vəkili Elçin Sadıqov iştirak edirdilər.
İddiaçının nümayəndəsi X. Bağırov Ə.Osmanlının “Azadlıq” qəzetinin 2 fevral 2010-cu il tarixli sayında gedən “Mərdanovun qaragüruhçuları” adlı məqalədə işlədilmiş TPİ haqqında yazılmış fikirləri əsassız hesab etdiyini və qeyd olunanların təhsil problemlərinə aid olmadığını bildirdi.
Cavabdehin vəkili E. Sadıqov iddianın əsassız olduğunu və məqalədə ədalətli tənqid balansının pozulmadığını qeyd etdi.
Müşavirə elan edən hakim Ş. Abdullayev iddianın qismən təmin edildiyini: cavabdehin “Azadlıq” qəzetinin növbəti sayında təkzib verilərək üzr istəməsini, iddiaçının 50 000 manat mənəvi təzminat tələbinin isə təmin edilmədiyini bildirdi.
Ə. Osmanlı RATİ-yə hakimin bu qərarından apellyasiya şikayəti verəcəyini bildirdi.
Qeyd edək ki, hakim Ş. Abdullayev RATİ əməkdaşına prosesdə foto və video çəkiliş aparmasına icazə verməyib.
Xatırladaq ki, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov “Azadlıq” qəzetinin 2 fevral 2010-cu il tarixli sayında gedən “Mərdanovun qaragüruhçuları” adlı məqalədə özünün işgüzar nüfuzuna xələl gətirən fikirlər olduğunu bildirərək, cavabdehin təkzib etməklə, institut  və əməkdaşlarından üzr istəməsini və işgüzar nüfuzuna vurulmuş zərərə görə 50 000 manat təzminat ödəməsi tələbi ilə məhkəməyə müraciət etmişdi.

Previous Post

JURNALİSTLƏRƏ MALİYYƏ YARDIMI EDİLİB

Next Post

EYNULLA FƏTULLAYEV ACLIQ AKSİYASINA BAŞLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.