Dünən (08 iyul) Yasamal rayon Məhkəməsində hakim Xaqani Tağıyevin sədrliyi ilə Təhsil Nazirliyinin (TN) nəzdində fəaliyyət göstərən “Dərslikləri Qiymətləndirmə Şurası” (DQŞ) üzvlərinin təhsil üzrə ekspert Əlövsət Osmanlıya qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə proses keçirilib.
Prosesdə iddiaçıların nümayəndəsi Cavad Cavadov, cavabdeh Əlövsət Osmanlı, onun vəkilləri İsaxan Aşurov və Elçin Sadıqov iştirak edirdi.
Hakim aprelin 12-də keçirilən prosesdə ekspertizaya göndərilmiş məqalələrlə bağlı cavab verildiyini bildirdi. O qeyd etdi ki, ekspertiza məqalədə təhqirə yol verildiyi barədə rəy verib. Elçin Sadıqov məqalənin ekspertizaya göndərilməsi ilə bağlı vəsatətdə qaldırılmış sualların sonradan çıxarıldığını bildirdi və qeyd etdi ki, məhkəmə ekspertizaya onların vəsatətlərinə zidd suallarla müraciət edib. İsaxan Aşurov isə ekspertizanın verdiyi rəyin düzgün olmadığını qeyd etdi və bu işi araşdıran ekspertə suallar vermək üçün onun məhkəməyə dəvət edilməsi ilə bağlı vəsatət verdi.
Hakim vəsatətin təmin edilməməsi ilə bağlı qərar qəbul etdi.
İş vaxtının sona çatması ilə əlaqədar olaraq hakim prosesi 20 iyul saat 16:00-a qədər təxirə saldı.