VİTSE-SPİKER EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRARA MÜNASİBƏT BİLDİRİB

Milli Məclisin bu gün (27 aprel) keçirilən iclasında parlamentin vitse-spikeri Ziyafət Əsgərov “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev barəsində Avropa Məhkəməsinin çıxardığı qərara münasibət bildirib.

“Azadlıq” radiosunun məlumatına görə, o, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinin böyük palatasına şikayət etdiyini deyib.  Parlamentdə müzakirələr zamanı bəzi millət vəkilləri Eynulla Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarının yerinə yetirilməsinin zəruri olduğunu bildiriblər.
“Avropa Məhkəməsinin qərarları Azərbaycan üçün məcburi deyil. Onlar Eynulla Fətullayev azad edilsin deyə bilməzlər. Onların qərarları Azərbaycan üçün yalnız tövsiyə xarakteri daşıyır” – deyə Ziyafət Əsgərov bu fikirlərə münasibət bildirib.
Onun sözlərinə görə, Avropa Məhkəməsinin böyük palatası öz qərarını Azərbaycanın Ali Məhkəməsinə göndərməlidir: “Bundan sonra əgər zərərçəkən tərəf kasasiya şikayəti verərsə, onda Ali Məhkəmənin Plenumu bu məsələyə baxacaq və qərar qəbul edəcək ki, Fətullayevlə bağlı qərarı birinci instansiya məhkəməsinə göndərsin, yoxsa Apelyasiya Məhkəməsinə” – deyən vitse spiker Avropa Məhkəməsinin qərarlarının siyasiləşdiyini də deyib.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.
Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

BAŞ PROKUROR ELMAR HÜSEYNOVUN QƏTLİNDƏN DANIŞIB

Next Post

BAŞ REDAKTOR MÜAVİNİNƏ QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA İCRAATA GÖTÜRÜLDÜ

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.