XƏDİCƏ İSMAYILOVA: VİDEO ÇARX HAKİMİYYƏT TƏRƏFİNDƏN HAZIRLANIB

    Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ)
Preventiv Araşdırma Qrupu “Azadlıq” radiosunun jurnalist Xədicə
İsmayılovanın daha sonra şantaj etmək məqsədilə  gizli video izlənməsi
dövlət qurumları tərəfindən təşkil edildiyi qənaətinə gəlib.

Aprelin 4-də keçirilən mətbuat konfransında martın 17-18-də
İsmayılovanın mənzilində çəkilmiş videosüjet nümayiş olunub. Süjetdə
İsmayılovanın mənzilinə səsdinləmə üçün çəkilmiş naqillər əks olunub.
Telefon naqilləri ATS-38-ə birləşdirilib-, deyə RATİ rəhbəri Emin
Hüseynov qeyd edib.
   “Bu gün mənə qarşı aksiyanın Azərbaycan prezidentinin ailəsinin
biznesi ilə bağlı araşdırmalarıma görə həyata keçirildiyinə daha çox
inanıram”, – deyə Xədicə İsmayılova bildirib. O qeyd edib ki, konkret
olaraq prezidentlə bağlı araşdırmalar aparmayıb. “Nə araşdırsam, hansı
iri layihələri öyrənsəm, sonda hər yerdən prezidentin ailəsi ilə bağlı
şirkətlərə gedib çıxır”. Bu layihələr sırasında o, Bayraq Meydanındakı
tikinti işlərini, “Azerfon” telekommunikasiya layihəsini qeyd edib.
   İsmayılova onu gözdən salan görüntülərlə ilk xəbərdarlığı martın
7-də alıb, amma qorxmayıb və martın 9-da Baş Prokurorluğa, DİN-ə
müraciət edib. Bu qurumlar isə onun müraciətlərinə məhəl qoymayıblar.
   Martın 13-də Amerika hostingində olan bir günlük musavat.tv
saytında İsmayılovanın intim videoçarxı peyda olub və elə həmin günlər
hakimiyyətin nəzarətində olan üç qəzetdə – “Yeni Azərbaycan”, “Səs” və
“İki sahil”də ləkəyaxma kampaniyası başlayıb. İctimaiyyət, beynəlxalq
qurumlar jurnalistin şəxsi həyatına müdaxiləni pisləyiblər. Martın
14-də kampaniya ifşa olunub və prezident administrasiyasının
nümayəndələri bu videoçarxı pisləyiblər.
   İsmayılova bildirib ki, martın 15-də Bakı şəhər Prokurorluğu onun
9 mart tarixli müraciəti üzrə cinayət işi açıb. “Mən işin CM-in 156-cı
(şəxsi həyata müdaxilə) və 163-cü (jurnalistin fəaliyyətinə maneçilik
törətmə) maddələri ilə açılmasında israr edirdim, lakin istintaq
yalnız 156-cı maddəni tətbiq etdi”, deyə o əlavə edib.
   Vəkil Adil İsmayılovun sözlərinə görə, istintaq ləng aparılır.
Xüsusən, aşkar edilmiş məftillərin və videomüşahidə kameralarının
yerləşdirilməsinin ekspertizası uzadılıb.
   Sonda kabellərə baxmaq üçün ATS-38-in sahə rabitəçisi çağırılıb,
məlum olub ki, o, özü mənzilin girişinə paylayıcı lövhədən məftil
çəkib. Rabitəçi etiraf edib ki, bunu rəhbərliyin göstərişi ilə edib.
Bunun üçün 2011-ci ilin iyulunda yeni telefon nömrəsi ayrılıb.
Videoçarx qalmaqalından sonra nömrə ləğv edilib.
   İsmayılova bu əməliyyatda Milli Təhlükəsizlik Nazirliyindən
şübhələndiyini bildirib. “Jurnalistlərin döyülməsində və qətlində adı
keçən MTN əməkdaşı Çovdarovun general rütbəsi almasından sonra
əminliyim daha da artıb”, deyə o qeyd edib.
   İsmayılova bildirib ki, ABŞ-da bir vəkillik kontoru rolikin
Amerika hostingində yerləşdirilməsi faktı üzrə onun hüquqlarını
müdafiə etməyi öhdəsinə götürüb.
   Preventiv Araşdırma Qrupunun rəhbəri Şahvələd Çobanoğlu deyib ki,
praktiki olaraq eyni vaxtda üç domen qeydiyyata alınıb, onlardan
musavat.tv-dən istifadə olunub.
   Mətbuat konfransının sonunda İsmayılova bildirib ki, hökumətyönlü
qəzetlərdə qarayaxma kampaniyası davam edir, lakin Mətbuat Şurası heç
bir reaksiya vermir.
Tədbirdə iştirak edən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli
isə X.İsmayilovanın quruma muraciətinin daxil olacağı təqdirdə
məsələni araşdıracaqlarını bildirdi. Habelə, o X.İsmayılovaya qarşı
kampaniyanın Mətbuat Şurası tərəfindən də pisləndiyini dedi.
Amma Mehman Əliyev Mətbuat Şurasının fəaliyyətinin səmərəlili
olmayacağını bidirdi. X.İsmayilova isə Mətbuat Şurasına tədbir görmək
üçün vaxt verdi.
   “Mətbuat Şurası “Yeni Azərbaycan”, “Səs” və “İki sahil” qəzetinin
10 gün ərzində etik kodeksi pozduqlarına görə qara siyahıya salmasa
mən bu qəzetləri məhkəməyə verəcəyəm”, –  deyə o bildirib.
Qeyd edək ki, RATİ-nin Media Mərkəzində keçirilən mətbuat konfransı
Obyektiv tv ilə canlı yayımlanıb.
Previous Post

ƏVƏZ ZEYNALLIYA QARŞI YENİ İTTİHAM İRƏLİ SÜRÜLÜB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.