YASAMAL RAYON İCRA BAŞÇISININ XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİASI İCRAATA QƏBUL EDİLDİ

Dünən (30 iyun) Yasamal rayon məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin vətəndaş Yaqub Muradzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında iddiaçının nümayəndələri Zahir Niftəliyev və Azər Tağıyev, cavabdeh Yaqub Muradzadə və onun nümayəndələri – Əlibaba Rzayev və Şəhriyar Əliyev iştirak edirdilər.

 

Hakim ötən prosesdə Əlibaba Rzayevin Yasamal rayon icra hakimiyyətinin məhkəməyə təsir imkanlarının olmasını əsas gətirərək, iddiaya başqa məhkəmədə baxılması barədə təqdim etdiyi etirazına məhkəmə sədri tərəfindən baxıldığını və təmin edilmədiyini bildirdi.

 

Əlibaba Rzayev isə məhkəməyə verilən etirazın apellyasiya məhkəməsi tərəfindən baxılmalı olduğunu və məhkəmə sədrinin bu etirazla bağlı qərar qəbul etməsinin qanunsuz olduğunu bildirdi. O, həmçinin iddiaya səbəb olmuş fikirlərinin KİV-də işıqlandırılmadığını, yalnız şikayət ərizələrində yer aldığını əsas gətirərək, iddianın icraata qəbul edilməməsi ilə bağlı vəsatət qaldırdı.

 

İddiaçının nümayəndələri isə vəsətətin əsassız olduğunu bildirərək iddianın icraata qəbul edilməsini xahiş etdilər.

Hakim iddianı icraata qəbul edərək, növbəti prosesi 7 iyul saat 16:30-a təyin etdi.

 

Qeyd edək ki, Yaqub Muradzadə 2004-2006-ci ildə nəşr olunan və hazırda fəaliyyət göstərməyən “Yeni Qəzet”in redaktoru olduğunu bildirir.

 

Xatırladaq ki, İ.Mehdiyev Yaqub Muradzadənin onun barəsində  müxtəlif dövlət qurumlarına yazdığı şikayət məktublarında təhqir və böhtana məruz qaldığını hesab edərək, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verib.

 

Previous Post

BAKI APELLYASİYA MƏHKƏMƏSİ RATİ-NİN ELMİN BƏDƏLOVUN MƏHKƏMƏSİ İLƏ BAĞLI MÜRACİƏTİNİ CAVABLANDIRIB

Next Post

RAMİZ MEHDİYEVİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.