Blogger Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edildi

• Məhkəmə bir prosesdə məhkəmə istintaqını yekunlaşdırdı;
• Müdafiə tərəfinin heç bir vəsatəti təmin edilmədi, təqsirləndirilən məhkəmə zalında qandallandı.

Martın 3-də Suraxanı Rayon Məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin blogger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə Mehman Hüseynov, vəkili Elçin Sadıqov və xüsusi ittihamçının nümayəndəsi Əlirza Həbilov iştirak edib.

Hakim Mehman Hüseynovun şəxsiyyət vəsiqəsinin olmaması ilə əlaqədar ötən iclasda müdafiə tərəfinin iradına cavab olaraq bildirib ki, Daxili İşlər Nazirliyinin (DİN) portalından Mehman Hüseynovun fotosu və baza məlumatları daxil olub. O, Mehman Hüseynovun anket məlumatlarını səsləndirib və təqsirləndirilən şəxsdən məlumatlarla razı olub-olmadığını soruşub. Mehman Hüseynov bildirib ki, onun nə şəxsiyyət vəsiqəsi, nə da digər sənədi var. Hakim isə bildirib ki, DİN ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edirsə, bu barədə məhkəməyə müraciət etmək hüququ var. Mehman Hüseynov bir neçə dəfə məhkəməyə müraciət etdiklərini, lakin nəticə olmadığını deyib.

Daha sonra xüsusi ittihamçının nümayəndəsi Əlirza Həbilov çıxış edərək Mehman Hüseynovun 9 yanvar 2016-cı ildə inzibati xəta ilə əlaqədar saxlanaraq barəsində protokol tərtib olunduğunu və məhkəmə qarşısına çıxarıldığını deyib: “Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinə əsasən, polisə müqavimətdə təqsirli bilərək, 200 manat cərimə edilməsi barədə qərar verib. Sərbəst buraxıldıqdan sonra Mehman Hüseynov məhkəmə binasının qarşısında toplaşan Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə açıqlama verərək, polis tərəfindən oğrulandığını, işgəncələrə məruz qaldığını bildirib. Bununla bağlı Bakı Şəhər Prokurorluğunda araşdırma aparılıb və fakt təsdiqini tapmayıb. Onun söylədiklərində böhtan olması və bunun da xüsusi ittihamçı Musa Musayevin rəisi olduğu Nəsimi rayon polis idarəsinin nüfuzuna xələl gəlməsi ilə əlaqədar məhkəməyə şikayət vermişik. Onun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsinə əsasən cəzalandırılmasını xahiş edirik”.

Daha sonra Mehman Hüseynov şıxış edib. O, ittihamın əsassız olduğunu və “yuxarıdan” gələn tapşırığa əsasən məhkəməyə verildiyini bildirib. M.Hüseynov dekabr ayından həbs ediləcəyini bildiyini deyib: “2016-cı ilin dekabr ayında bərbərxanada olarkən məni bir nəfər polis əməkdaşının izlədiyini gördüm. Onu əvvəldən tanıyırdım deyə, nəsə təxribat olacağını təxmin etdim. Bərbərxanadan çıxandan sonra yolda bir nəfər mənə çiyin atdı və təxribata çəkmək istədi. Mən ona fikir vermədən oradan uzaqlaşdım. Sonradan öyrəndim ki, məqsəd məni həbs etmək olub. Mənə sutkalıq həbs cəzası verərək, yeni il bayramını həbsdə keçirməyimə çalışıblar. Bundan sonra bir neçə gün evdən çölə çıxmadım. Tanışlarımdan birinin dostu olan polis əməkdaşı xəbər göndərmişdi ki, mənə qarşı təxribat hazırlanır və tək gəzməməyimi məsləhət görmüşdü. Mən də elə edirdim. Yanvarın 9-da da yanımda dörd nəfər var idi. Onlardan aralanıb telefonla danışan zaman 7-8 nəfər mülki geyimli şəxs mənə yaxınlaşaraq kobudluqla yerə yıxdılar və maşına basaraq başıma torba keçirdilər. Bu, yanımda olanlarla yanaşı, ətrafda olan 30-40 nəfərin gözü qarşısında baş verib. Bir xeyli şəhərdə fırlandıqdan sonra məni bir yerə gətirdilər. Ancaq başımdan torbanı çıxarmadılar. Həm yol boyu, həm də aparıldığım yerdə ağzı bağlı, başımda torba, başım aşağı əyilmiş vəziyyətdə saxlayırdılar. Hətta idarədə bir nəfər üstümə uzanaraq daha çox əzab verirdi. Məni təhqiramiz formada videoya da çəkib gülürdülər. Sonra başımdan torbamı çıxardılar. Otaqda olan iki nəfəri tanıdım. Bilirdim ki, onlar Nəsimi rayon polis idarəsinin 22-ci polis bölməsində işləyirlər. Çünki onlardan biri əvvəllər qardaşım Emin Hüseynovun həbsində iştirak etmişdi. Mənə açıq şəkildə fəaliyyətimlə bağlı saxlandığımı dedilər. Mən bölmədə özümdən getdim. Ayağımda açıq damar trombu var, uzun müddətdir sənədim olmadığına görə heç bir xəstəxana məni əməliyyata qəbul etmir. O problemə görə sudurqa tutdu. Təcili yardım çağırdılar. Sonra yenə başqa bir otağa apararaq təhqir etməyə başladılar. Hətta bir-iki şillə də vurdular. Həkimlər gəlib mənə mənşəyi məlum olmayan iynə vurdular. O vəziyyətdə, huşsuz olduğum halda  mənə hansısa sənədlərə qol çəkdirdilər. Həmin sənədlərə baxanda hətta hakim də şoka düşmüşdü ki, bu imzalar hamısı fərqlidir. Hətta Təcili Tibbi Yardım həkimləri polislərə deyirdilər ki, bu vətəndaşı niyə bu hala salmısınız?”.

Mehman Hüseynov növbəti gün səhər saat 11.00-da onu Nəsimi rayon məhkəməsinə apardılarını deyib: “Mənimlə birlikdə rəsmi polis formasında olan dörd nəfər polis getmişdi. Onlar neçə saat mənimlə bir yerdə oldular. Deyirdilər ki, Mehman, biz bilmirik səni niyə bura gətiriblər. Amma məhkəmədə gəlib üzümə durdular ki, guya mən küçədə asayişi pozmuşam və polisin əmrinə tabe olmamışam”.

M.Hüseynov məhkəmənin onu 200 manat cərimələdikdən sonra baş verənləri KİV nümayəndələrinə açıqladığını bildirib: “Hələ orada baş verənlərin hamısını danışmamışam. Dediklərimin hamısı baş verib. Dəli deyiləm ki, özümdən quraşdırım bu qədər şeyi”.

O, qeyd edib ki, polis idarəsində baş verənlərin hamısı otaqda olan kameralar vasitəsilə qeydə alınıb: “Əlirza Əbilov Musa Musayevi elə təqdim elədi, sanki Nəsimi rayonunun polis rəisi yox, bu rayonun Allahıdır. O idarədə insanlarla heyvan kimi rəftar olunur. Şəxsən mənə qarşı belə davranıblar. Mən heç kimə böhtan atmıram, əksinə, mənə böhtan atırlar. Onu da bilirəm ki, bu iddia mənim fəaliyyətimlə bağlıdır. Onu da deyim ki, məni heç nə fəaliyyətimdən çəkindirə bilməz. Yəni ittihamla razı deyiləm, amma qorxmuram da. Çıxarılan qərar da vecimə deyil. Gördülər ki, onları ifşa eləyirəm, məni bu cür cəzalandırırlar”.

M.Hüseynov daha sonra vəkili Elçin Sadıqovun suallarını cavablandırıb. Bildirib ki, polisə qarşı heş bir kin-ədavəti yoxdur.

Xüsusi ittihamçının nümayəndəsi Əlirza Həbilov Mehman Hüseynovun dediyi faktların heç birinin araşdırmalarda və məhkəmə qərarlarında təsdiqini tapmadığını deyib: “Bununla bağlı qüvvədə olan qərarlar var. Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən oğurlandığını, başına torba keçirildiyini, idarədə döyüldüyünü deməklə, həm də polis rəisinin tabe olduğu nazir, dövlət başçısı qarşısında nüfuzunu sarsıdıb. Buna görə də ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini xahiş edirik”.

Daha sonra vəkil Elçin Sadıqov bir neçə vəsatət verib. Vəkilin birinci vəsatəti əlavə şahidlərin dindirilməsi barədə olub. Belə ki, o, Mehman Hüseynovun saxlanılmasını görən dörd nəfərin, əməliyyata rəhbərlik etmiş Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı şöbəsinin rəis müvininin və polis idarəsində protokolu tərtib etmiş sahə müvəkkilinin məhkəmədə şahid qismində dindirilməsini istəyib. Vəkilin digər vəsatəti Nəsimi Rayon Polis İdarəsində olan kamera görüntülərinin yanvarın 9-a olan videoyazılarının alınması barədə olub. Vəkilin daha bir vəsatəti xüsusi ittihamçı Musa Musayevin məhkəməyə gələrək ifadə verməsinin təmin edilməsi barədə olub. Vəsatətlər təmin edilməyib.

Vəkil Elçin Sadıqov şikayətdə polis idarəsinin nüfuzuna xələl gətirildiyinin qeyd edildiyini xatırladaraq deyib: “Xahiş edirəm, nümayəndə reytinq cədvəlini təqdim etsin görək, Mehmanın çıxışından sonra Nəsimi rayon polis idarəsinin reytninqi nə qədər düşüb?” Nümayəndə isə bildirib ki, belə bir reytinq cədvəlinin tərtib edilmədiyini deyib. Buna cavab olaraq vəkil Elçin Sadıqov deyib: “Mən də onu demək istəyirəm ki, polis idarəsinin nüfuzu olmur. Nüfuz rəqabət halında olan qurumlar arasında mövcuddur”.

Daha sonra hakim məhkəmə istintaqanın yekunlaşdığını bildirib. Vəkil Elçin Sadıqov xüsusi ittihamçı, polis rəisi Musa Musayevin dindirilməsinin zəruri olduğunu deyərək, onun çağırılması barədə təkrar vəsatət verib. Vəsatət yenə də təmin edilməyib.

Hakim məhkəmə çıxışlarına başlanıldığını elan edib. Xüsusi ittihamçının nümayəndəsi Əlirza Həbilov ittihamı müdafiə etdiyini deyib. Vəkil Elçin Sadıqov isə geniş çıxış hazırlamalı olduğunu deyərək, 1 həftə vaxt verilməsini istəyib. Məhkəmə isə yalnız 30 dəqiqə vaxt verə biləcəyini deyərək, fasilə elan edib. 10 dəqiqədən sonra hakim geri qayıdaraq, prosesi davam etdirib. Çıxış etmək məcburiyyətində qalan Elçin Sadıqov Mehman Hüseynov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Mehman Hüseynov son sözündə istənilən qərara hazır olduğunu deyib: “Yuxarıdan nə göstəriş verilibsə, o da olacaq. Mən cinayət törətməmişəm. Məhkəmə də normal keçirilmədi. Bu da sifarişi göstərir. Bu, birbaşa söz azadlığını boğmağa yönəlib”.

İki dəqiqəlik müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Facebook sosial şəbəkəsində 323 min izləyicisi olan Sancaq (https://www.facebook.com/Sancaq.biz/?fref=nf) səhifəsinin yaradıcısı və idarəçisi olan Mehman Hüseynov son vaxtlar əsasən yüksək vəzifəli məmur və deputatların bahalı mülkləri barədə videolar hazırlayırdı. Həmçinin cəmiyyətdə baş verən önəmli ictimai-siyasi proseslərlə bağlı videomateriallar hazırlayan Mehman Hüseynovun son videosu ölkənin birinci xanımı Mehriban Əliyevanın prüzident İlham Əliyev tərəfindən vitse-prezident təyin edilməsi barədə sorğu olub. O şəhər sakinləri arasınd arasında sorğu keçirərək, vəzifə başında olsalar həyat yoldaşlarına vəzifə verib-verməyəcəklərini soruşub.

Video linkdə: https://www.facebook.com/Sancaq.biz/videos/1410330369037361/?__mref=message_bubble

Onu da qeyd edək ki, Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanılmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan blogger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı. Nəsimi Rayon Məhkəməsinin qərarında bloggerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.

Mehman Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi. M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı. Lakin Daxili İşlər Nazirliyi bloggerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız saymış və Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında bloqqerdən şikayət etmişdi. O, şikayətində Mehman Hüseynovun işgəncələrə məruz qalması ilə bağlı dediklərini yalan adlandıraraq onun polisə böhtan atdığını bildirib.

Previous Post

“Rabitə işi”ndə gərginlik yaşandı

Next Post

Mehman Hüseynovun həbsinə dair mətbuat konfransı

Start typing to see posts you are looking for.