Apellyasiya məhkəməsi sabah bloger M.Hüseynov haqda qərar verəcək

April 11th, 2017

Aprelin 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə bloger Mehman Hüseynovun barəsində Suraxanı rayon məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. İclasda KİV nümayəndələri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri iştirak edib. İclas zalı kiçik olduğu üçün iştirak etmək istəynlərin bir çoxu bayırda gözləməli olub. Prosesdə Mehman da iştirak edib. Onun hüquqlarını vəkillər Fuad Ağayev, Elçin Sadıqov və Şəhla Hümbətiva qoruyublar.
Müdafiə tərəfin məhkəmə tərkibinə verdiyi etiraz müzakirə edilib. Hakim məhkəmə sədrinin etirazı təmin etmədiyini bildirib.

Elçin Sadıqov və Şəhla Hümbətova ittihamın saxta olduğunu, Mehmanın peşə fəaliyyətinə görə, məmurların korrupsiya ilə əldə etdikləri mülkləri çəkdiyinə görə cəzalandırıldığını, RATİ sədri kimi hakimiyyətin hədəfində olduğunu deyiblər.

Mehman Hüseynov jurnalistlik və blogerlik fəaliyyətinə görə şərlənərək həbs edildiyini vurğulayıb. O polisdə işgəncələrə məruz qalıb.

Fuad Ağayev işə prosessual hüquq pozuntuları ilə baxıldığını deyib, müdafiə tərəfi blogerə bəraət verilməsini, xüsusi ittihamçının nümayəndəsi E. Həbilov isə şikayətin təmin edilməməsini istəyib.

Qərar 12 aprel saat 10.00-da elan ediləcək.