KİV-İN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU MÜSABİQƏ ELAN EDİB

Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlər arasında müsabiqə elan edib. Bu barədə dünən (25 iyun) keçirilən mətbuat konfrasında Fondun icraçı direktoru Vüqar Səfərli məlumat verib. Onun sözlərinə görə, Fonda dövlət tərəfindən 1 milyon 300 min manat vəsait ayrılıb. Bu vəsaitin 200 min manatı Fondun xərclərinə, 1 milyon 100 min manatı isə qəzetlər üçün 11 istiqamət üzrə müsabiqə layihələri üçün nəzərdə tutulub. V.Səfərli hər layihəyə maksimum 20 min manatın ayrılmasının nəzərdə tutulduğunu qeyd edib:

   “Müsabiqədə  yalnız qəzetlər iştirak edə bilərlər. Dövlət tərəfindən təsis edilən qəzetlər müsabiqəyə qatıla bilməzlər. Müraciət edən qəzet ən azı həftədə 1 dəfə nəşr olunmalı, 1 il ərzində müntəzəm fəaliyyət göstərməli, tirajı 1000 nüsxədən az olmamalıdır. Eyni zamanda jurnalistlərin birinci qurultayında qəbul edilən peşə etikasını pozan, Mətbuat Şurası (MŞ) tərəfindən cəzalandırılan qəzetlər layihədə iştirak edə bilməzlər” – deyə V.Səfərli qeyd edib.
     Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) açıqlamasında “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bildirib ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu strukturunun yaradılması çox vacibdir. “Mətbuatın belə ağır vəziyyətə düşməsində hakimiyyət günahkardır. Ona görə də mətbuatın inkişafı üçün addım atmaq da hakimiyyətin vəzifəsidir. Ancaq təəssüf ki, bu konsepsiyanın mətbuatı xilas edəcəyi hələlik inandırıcı görünmür” – deyən M.Əliyev vurğuladı ki, vəziyyəti tam öyrənmək üçün ilk öncə mətbuata bağlı üç istiqamətdə – hüquqi, iqtisadi və peşəkarlıqla bağlı təhlillər aparılması və bundan sonra yardımların  ayrılması daha məqsədəuyğun olardı.
     “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı isə RATİ-yə deyib ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun proqramı ilə tanış olmadığından, nə etmək istədiklərini də bilmir: “Ona görə də, onların qurumun fəaliyyəti və gələcək perspektivləri barədə haqqında heç bir fikrim yoxdur.”
     Qeyd edək ki, 31 iyul 2008-ci il tarixində KİV-in inkişafına dövlət dəstəyinin konsepsiyası qəbul edilib. Həmin konsepsiyaya əsasən, 3 aprel 2009-cu ildə prezident İlham Əliyevin fərmanı ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb və 22 may 2009-cu il tarixində prezident tərəfindən fondun icraçı direktoru və 9 nəfərdən ibarət müşahidə şurası təyin edilib.
Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU KİV-LƏ BAĞLI QANUN DƏYİŞİKLİKLƏRİNİN MİLLİ MƏCLİSİN GÜNDƏLİYİNDƏN ÇIXARILMASI

Next Post

ƏDLİYYƏ NAZİRLİYİ NÖVBƏTİ DƏFƏ MƏHKƏMƏ PROSESİNDƏ İŞTİRAK ETMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.