Tbilisi Şəhər Məhkəməsi Azərbaycanın Azel.Tv saytının rəhbəri əfqan Sadıqovu ev dustaqlığına buraxmaqdan imtina edib. Sadıqovun səhhətinin pisləşməsilə əlaqədar onun vəkilləri bu barədə vəsatət qaldırıblar, jurnalistin xanımı Sevinc Sadıqova bildirib.
Əfqan Sadıqov 42 gündür ki, həbsxanada aclıq edir. Yeriyə bilmədiyinə görə bu gün məhkəməyə əlil arabasında aparılıb. Bu səbəbdən iki gün əvvəl ailəsilə danışmaq üçün həbsxana xəstəxanasının danışıq məntəqəsinə gedə bilməyib.
Sadıqovanın sözlərinə görə, məhkəmə prosesi formal olub. “Uşaqlara və mənə bir az söhbət etmək üçün şüşə qəfəsə yaxınlaşmağa icazə vermədilər. Əfqanın səhhətinin ağır olmasına baxmayaraq, onu buraxmadılar. Ötən həftə həbsxana həkimi deyib ki, Əfqanın qanında şəkər çox aşağı düşüb. Hər an yuxuya gedə və oyanmaya bilər”, – Sadıqova deyib.
Onun sözlərinə görə, Əfqan Sadıqova sığınacaq verilməsindən imtina ilə bağlı noyabrın 11-nə məhkəmə iclası təyin edilib.
* Əfqan Sadıqov 2023-cü ilin dekabrında ailəsilə birlikdə Gürcüstana gedib. İyulda onu Gürcüstandan Türkiyəyə buraxmayıblar, deyiblər ki, ancaq Azərbaycana qayıda bilər.
Avqustda Sadıqov Azərbaycanın sorğusu əsasında həbs edilib. Bakıda onu təhdid yoluyla tələb etməkdə ittiham edirlər və ekstradisiyanı tələb edirlər. Əfqan Sadıqov həbs olunmasına və ona sığınacaq verilməsindən imtina edilməsinə etiraz olaraq sentyabrın 21-dən aclıq edir. Oktyabrın 8-də aclıq nəticəsində vəziyyəti pisləşib və həbsxana xəstəxanasına köçürülüb.