Gəncədə dunyaninsesi.az saytının redaktoru Ərşad İbrahimov saxlanılıb

July 29th, 2021

Dünən axşam dunyaninsesi.az saytının redaktoru Ərşad İbrahimov Gəncədə saxlanılıb. Bu barədə Turan-a onun qardaşı Taryel İbrahimov bildirib.

“Bir neçə gündür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsi Göncədə yaşayan qardaşım Ərşad İbrahimovu bu idarəyə çağırırdı. Bu çağrış şifahi olduğu üçün o, getməkdən imtina etmişdi və yazılı bildiriş tələb etmişdi”, deyə jurnalistin qardaşı bildirib.

Dünən axşam 18 radələrində Gəncədə yaşadığı ərazidə bir neçə mülki geyimli şəxs onu avtomobilə əyləşdirərək naməlum istiqamətə aparıb. Bundan sonra ondan xəbər yoxdur.

Qardaşı jurnalistin aqibətini öyrənmək üçün 102 xidmətinə müraciət edib, amma cavab ala bilməyib.

Taryel İbrahimov hesab edir ki, qardaşı saytda polis orqanlarını tənqid etdiyinə görə saxlanılıb. Ərşad İbrahimov vətəndaşalrın müraciətləri əsasında materiallar dərc edirdi.

O, əvvəllər də cinayət təqibinə məruz qalıb. Belə ki, 2014-cü il iyunun 18-də o, Gəncədə fırıldaqçılıq ittihamı ilə həbs edilib. Yaxınlarının sözlərinə görə, saxlanılmasının əsl səbəbi onun saxta diplomların verilməsi haqqında araşdırması olub. Nəşrdən sonra həm məmur, həm də məmurun 30 min manat tələb etməkdə ittiham etdiyi jurnalist barəsində cinayət işi açılıb.

İbrahimov 11 il müddətinə azadlıqdan məhrum edilib, sonradan cəza müddəti 5 ilə qədər azaldılıb, daha sonra isə o, cəzasının 3/4-nü çəkdikdən sonra vaxtından əvvəl azadlığa buraxılıb. -06D-

By TURAN