Həbsdəki jurnalistə yeni ittiham irəli sürülüb

February 4th, 2014

398327_525389854153700_112437647_n

Fevralın 4-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimliyə qarşı   yeni maddə üzrə ittiham irəli sürülüb. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, Pərviz Həşimlinin ittiham oldunduğu cinayət əməli Təvəkkül Qurbanovla birgə iştirakçılığa tövsif olunduğuna görə istintaq orqanı  jurnalistə qarşı irəli sürülmüş ittihamı yeni maddə ilə ağırlaşdırıb. 

Vəkil qeyd edib ki,  yeni ittiham Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə ) maddəsi  üzrə irəli sürüb və bu maddə üzrə jurnalist 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki,  Pərviz Həşimli  sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin  İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 18-də Səbail rayon Məhkəməsi   Pərviz Həşimli barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçib. Səbail Rayon Məhkəməsi noyabrın 7-də həbs müddətinin  daha 3 ay uzadılması barədə qərar verib.