İlhamiz Quliyev üç il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal İlhamiz Quliyev barəsində hökm oxunub. Məhkəmə Azərbaycan CM-in 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittihamı daha yüngül maddəyə – 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəyə tövsif edib və fəalı üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. 

Hökmün oxunmasından əvvəl Quliyev son sözlə çıxış edib. O, ittihamları təkzib edib, həbsinin “sifariş” olduğunu bildirib. Quliyev ədalətli hökm gözləmədiyini deyib.

Vəkillər də Quliyevə qarşı etibarlı dəlillərin olmadığını bildirərək, onun həbsini Abzas Media-ya müsahibəsində polis orqanlarında narkotiklə bağlı işlərin əksərən saxtalaşdırıldığını bildirməsinə görə qisas kimi qiymətləndiriblər.

Müdafiə tərəfi Quliyevə bəraət verilməsini, həmçinin cinayət işini açan və ittihamı saxtalaşdıran müstəntiq barəsində təhqiqat başlanmasını xahiş edib.

* Xatırladaq ki, Quliyev 4 dekabr 2023-cü il tarixində saxlanılıb, dekabrın 6-da isə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs edilib.

Lakin Quliyevin həbsinin əsl səbəbi Abzas Media nəşrinə müsahibəsində polisin qanunsuz hərəkətlərindən və cinayət işlərinin saxtalaşdırılmasından  danışması olub. Hüquq müdafiəçiləri Quliyevi siyasi məhbus kimi tanıyıblar.

Previous Post

Ilhamiz Guliyev Sentenced to Three Years in Prison

Next Post

Director of Kanal 13 Faces Reduced Charges

Start typing to see you are looking for.