İyulun 5-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan parlamentinin keçmiş deputatı, sahibkar və ictimai fəal Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə Turan-a keçmiş parlamentarinin vəkili Aqil Layıc bildirib.
Onun sözlərinə görə, Bəydəmirliyə qarşı Azərbaycan CM-in 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bəydəmirli özünü təqsirli bilmir və apellyasiya şikayəti vermək niyyətindədir.
Bəydəmirli iyulun 4-də saxlanılıb. O, saxlanıldıqdan sonra vəkilinə zəng edib və Gədəbəy rayonunun Söyüdlü kəndindəki iğtişaşlarla bağlı mövqeyinə görə məsuliyyətə cəlb edildiyini bildirib.
Keçmiş deputat KİV-ə müsahibəsində yerli sakinlərin kənddə yerləşən qızıl mədəni müəssisəsinin fəaliyyətinin insanların sağlamlığına və ətraf mühitə zərərli təsiri haqqında iddialarının əsaslı olduğunu bildirib.