Ötən gün Bakının mərkəzində Xalq Cəbhəsi Partiyasının üzvü, siyasi məhbus kimi tanınan Niyaməddin Əhmədovun azad edilməsi tələbi ilə etiraz aksiyası keçirilib.
Bir qrup partiya fəalı Nizami küçəsinin piyada hissəsilə yürüş edərək “Niyaməddin Əhmədova azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Ya azad et , ya da istefa ver!”, “İstefa!” və sair şüarlar səsləndiriblər.
Nümayişçilərin Nizami və Rəsul Rza küçələrinin kəsişməsinə çatdıqları zaman polis əməkdaşları gəlib. Polislə danışıqlardan sonra aksiya iştirakçıları dağılışıblar.
*Niyaməddin Əhmədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub. 15 aprel 2020-ci ildə saxlanılıb. Növbəti gün məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejiminin pozulması) və 535-ci (polisə tabe olmama) maddələri ilə təqsirli bilərək 30 sutka həbs edib.
Sonra onu 214-1-ci (terrorizmin maliyyələşdirilməsi) maddə ilə ittiham ediblər. Əsasən istintaq bildirib ki, o, “terror aktları törətmək məqsədilə” Almaniyada yaşayan müxalifətçi Habil Məmmədovdan pul alıb. Məhkəmə prosesində prokuror Əhmədovun 15 il müddətinə həbs olunmasını xahiş edib.
Əhmədovun həbsinin əsl səbəbi partiya liderinə təzyiqdir. Belə ki, istintaq Əhmədovu Əli Kərimlinin barəsində ifadə verməyə məcbur etməyə çalışıb, lakin o, çoxsaylı işgəncələrə tab gətirib. Hakimiyyətin belə sərt təzyiqi Xalq Cəbhəsi Partiyasını məhv etmək ideyasından əl çəkməməsilə əlaqədardır.