Türkiyədə media azadlığına böyük təhlükə: Jurnalist hökumət əleyhinə yazdığı tvitlərə görə deportasiya olunub

BƏYANAT

8 fevral, Bakı

“Azərbaycanlı jurnalist Mahir Zeynalovun Türkiyədən deportasiya edilməsi Ədalət və İnkişaf Partiyasının (Adalet ve Kalkınma Partisi, AKP) müstəqil media və ifadə azadlığına qarşı getdikcə daha da aqressivləşən repressiyasının göstəricisidir,” deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün bildirib.

Türkiyənin “Today’s Zaman” qəzetinin məlumatına görə, qəzetin Azərbaycan əsilli əməkdaşı Mahir Zeynalov hakimiyyətə qarşı tvitlər yazdığına görə hökumət tərəfindən ölkədən çıxarılıb. Qəzetin bildirdiyinə görə, Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan Zeynalova qarşı “diffamasiya və xalqı nifrətə təhrik etmə” iddiaları ilə şikayət verib.

Bu addım jurnalistlərin alçaldılması, özünü-senzuraya rəvac verən təzyiq üsullarından istifadə və jurnalistlərə qarşı qeyri-müəyyən anti-terror və cinayət qanunları əsasında cinayət işlərinin açılması fonunda baş verib. Jurnalistləri Müdafiə Komitəsinin (Committee to Protect Journalists) məlumatına görə, 1 dekabr 2013-cü il tarixinə Türkiyə həbsxanalarında olan jurnalistlərin sayı 40 olub ki, bu da dünya üzrə ümumi göstəricinin təxminən 20 faizinə bərabərdir.

İnternetdə ifadə azadlığının durumu xüsusilə narahatlıq doğurur. Bu həftə, AKP-nin say çoxluğu təşkil etdiyi Türkiyə parlamenti internet üzərində hökumətin nəzarətini gücləndirən qanun layihəsini qəbul edib. Yeni qanuna görə, Türkiyədə telekommunikasiyaya nəzarət edən qurum məhkəmə qərarını gözləmədən saytları bloklaya bilər.

Ölkədə korrupsiya skandalının baş verdiyi 2013-cü ilin dekabrından bəri internetdə dövlət məmurlarını nüfuzdan saldığı hesab olunan çoxsaylı məqalə və yazılar yerləşdirilib ki, bu da yeni qanun layihəsinin internetdə bu tip məlumatların yayılmasının qarşısını almaq məqsədi daşıması barədə şübhələri daha da artırıb. Öz növbəsində, Türkiyə baş naziri internet haqqında açıq tənqidi fikirlər səsləndirərək, Tviteri  “bəla”, sosial medianı isə “cəmiyyət üçün ən böyük təhlükə” adlandırıb.

RATİ Türkiyədə mediaya qarşı şiddətli repressiyanın fonunda “Today’s Zaman” qəzetinin jurnalisti Mahir Zeynalova qarşı baş verən təzyiqləri və məhkəmə təqibini qətiyyətlə pisləyir.  RATİ baş nazir Ərdoğan və onun hökumətini mətbuatda tənqidə dözümlə yanaşmağa və jurnalistlərə qarşı cinayət qanunlarından istifadədən çəkinməyə çağırır. “Zeynalova qarşı irəli sürülmüş ittihamlara xitam verilməli və onun Türkiyədə jurnalist fəaliyyətini davam etdirməsi üçün bütün lazımi şərait yaradılmalıdır,” deyə təşkilat bildirib.

Nəhayət, RATİ Prezident Abdulla Gülü internetlə bağlı 5651 saylı qanuna edilən və Türkiyə konstitusiyasına və ölkənin imzaladığı beynəlxalq konvensiyalara zidd olan dəyişikliklərə veto qoymağa çağırır.

Previous Post

Grave Risk to Media Freedom in Turkey as Journalist Deported for Anti-Government Tweets

Next Post

UNESCO Must Act to Ensure Press Freedom in Azerbaijan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.