Xalq Cəbhəsi Partiyasının fəalı koloniyada aclıq elan edib

August 5th, 2021

Xalq Cəbhəsi Partiyasının fəalı Əlizamin Salayev avqustun 4-də 17 saylı koloniyada aclıq elan edib. Bununla  ona tibbi yardım göstərilməməsinə etiraz edib. Bu barədə Turan-a onun oğlu Oqtay Salayev məlumat verib.

Onun sözlərinə görə, fəalın ürək çatışmazlığı var və qaraciyəri genişlənib. “Onu nəinki xəstəxanaya, hətta koloniyanın sanitar hissəsinə köçürmürlər “, – Oqtay Salayev deyib.

Əlizamin Salayevin vəkili Elçin Sadıqov deyib ki, Salayevin səhhətilə bağlı problemlərdən xəbərdar olsa da, hələlik onunla görüşə bilmir. “Dünən məni onun yanına buraxmadılar. Bu gün bir daha görüş almağa çalışacağam”, – vəkil deyib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsində Turan-ın müxbirinə bildiriblər ki, Əlizamin Salayevin aclıq etməsi barədə yazılı müraciət daxil olmayıb.

“Əgər onun səhhətində problemlər yaranıbsa, müəssisədə həkim var və onlar məşğul olacaqlar”, – qurumdan bildiriblər.

* Əlizamin Salayev 20 aprel 2020-ci ildə Salyan Rayon Məhkəməsi tərəfindən mühakimə olunub və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, yerli polis şöbəsinin zabitinin şikayəti əsasında “böhtan” və “təhqir”də ittiham olunub.    İddiaya Salayevin İnternetdə yaydığı videogörüntü səbəb olub. Videogörüntüdə o, polislə söhbətində onu 21 yaşlı yerli sakini birgə yaşamağa təhrik etməkdə günahlandırıb.

Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

By TURAN