Xanımı bildirir ki, koloniyada Polad Aslanovu döyüblər

Həbsdə olan jurnalist Polad Aslanovun xanımı Gülmirə Aslanova aprelin 4-də Penitensiar Xidmətin binası qarşısında aksiya keçirib. O 1 saylı koloniyada həyat yoldaşının döyülməsinə etiraz edib.

Ötən həftə o, koloniyada həyat yoldaşına baş çəkib və onun üzündə zorakılıq əlamətlərini görüb. “Üzü şişmişdi, üzündə və boğazında dırnaq izləri vardı”, – Aslanova deyib.

Məlum olub ki, Poladı kamera yoldaşı döyüb. “Bu məhbus Poladın istənilən hərəkətinə sərt reaksiya verir. Ondan tələb edir ki, “danışmasın”, “gülməsin”.

Koloniyanın rəisi insident faktını təsdiqləyib və bildirib ki, həmin məhbusu cərimə kamerasına salaraq cəzalandırıblar”, – Aslanova deyib. Lakin o, bunun qəsdən təxribat olmasına əminir.

“Birinci dəfə deyil ki, koloniyada Poladı döyürlər”, – o qeyd edib və həyat yoldaşına qarşı zorakılığın araşdırılmasını tələb edib. Polada hücum edən məhbus başqa koloniyaya köçürülməlidir.

Aslanova hesab edir ki, Polada təzyiq onun  öz hüquqları uğrunda mübarizə aparması və koloniyada mənfi halları üzə çıxarması ilə əlaqədardır.

“Başqa məhbusların əliylə həyat yoldaşıma qarşı qəsdən təxribatlar törədirlər. Administrasiyanın icazəsi olmadan heç bir məhbus siyasi məhbusa əl qaldırmağa cəsarət etməz”, – o deyib.

Aslanova prokurorluğa, ombudsman aparatına, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinə müraciətlər göndərib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsində şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, Xeberman.com saytının təsisçisi və redaktoru Polad Aslanov 2019-cu ilin iyununda dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Fevralın 24-də Ali Məhkəmə onun cəza  müddətini 13 ilə qədər azaldıb.

Previous Post

Azerbaijan ranks fifth in non-execution of ECHR decisions

Next Post

Polad Aslanov beaten in colony – wife

Start typing to see you are looking for.