Avropa Şurası Azərbaycanda repressiv QHT qanunvericiliyinin qəbulunu pisləməlidir

Bəyanat

“Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı yeni repressiv addımlarla bağlı narahatlığın artdığı bir vaxtda, Avropa Şurası qanuna edilmiş yeni dəyişiklikləri açıq şəkildə pisləməli və bunun insan hüquqları sahəsində geriyə atılmış bir addım olduğunu açıqca bildirməlidir,” deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün bildirib.

Venesiya Komissiyası hələ 2009 və 2011-ci illərdə Azərbaycanın QHT qanunvericiliyinin “təəssüf ki, beynəlxalq standartların tələblərinə uyğun olmaq üçün edilən öncəki səyləri puç etdiyini” qeyd etsə də, yeni mürtəce qanun layihəsinin təsdiqlənməsi Avropa Şurası təsisatlarının öz tənqidlərini daha da sərtləşdirməsini labüd edir.

Venesiya  Komissiyasının QHT qanunvericiliyi ilə bağlı verdiyi Rəyi  nəzərə almaq əvəzinə, Azərbaycanın hakim partiya deputatlarının çoxluq təşkil etdiyi  itaətkar parlamenti müstəqil QHT-lərin fəaliyyətini daha da çətinləşdirən dəyişikliklər qəbul etməklə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ərəfəsində ölkənin  beynəlxalq imicini aşağı salıb.

Dəyişikliklər Azərbaycan prezidenti tərəfindən fevralın 3-də imzalanıb.

Yeni qanunvericilik hakimiyyətə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici QHT-lərin fəaliyyətini müvəqqəti və həmişəlik dayandırmaq imkanları yaradır. Dəyişikliklər həm də QHT-lər üçün 2500-3000 manat, yerli və xarici QHT-lərin rəhbərləri üçün isə 1000-2000 manat məbləğində cərimə nəzərdə tutan yeni qanun pozuntuları müəyyən edir. Yeni dəyişikliklərlə həmçinin yeni inzibati tələblər və çoxsaylı yoxlamalar nəzərdə tutulur.

RATİ xatırladır ki, sözügedən dəyişikliklərin parlament tərəfindən qəbul olunmasından bir gün əvvəl, Azərbaycanda 12 ildən artıq müddətdə seçkilərin monitorinqini aparan müstəqil QHT “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin rəhbəri Anar Məmmədli həbs olunub. Elə həmin gün Məmmədli barəsində vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifədən sui-istifadə etmə ittihamları ilə cinayət istintaqı başlanıb və məhkəmə onun barəsində üç ay həbs-qətimkan tədbiri seçib

“Avropa Şurası Azərbaycan QHT-lərinə onların yanında olduğunu və sağlam vətəndaş cəmiyyətinin fəaliyyəti üçün vacib olan fundamental azadlıqları boğan yeni qanunların qəbuluna etinasızlıq göstərməyəcəyini nümayiş etdirməlidir,” deyə RATİ direktoru və sədri Emin Hüseynov bildirib.

Qanuna edilmiş son dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsi (birləşmək azadlığı), “İnsan Hüquq və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Avropa Konvensiyasının  11-ci(Yığıncaqlar və birləşmək azadlığı), Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 22-ci (birləşmək azadlığı), Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 20-ci(birləşmək və toplaşmaq azadlığı) maddələrində göstərilən normaların kobud pozuntusudur.

Azərbaycan Konstitusiyasının 151-ci maddəsinə əsasən, Azərbaycanın qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycanın tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Beləliklə, MSHBP və ya AİHK ilə QHT-lərin fəaliyyətini tənzimləyən qanunlar arasında ziddiyyət olarkən, MSHBP və AİHK üstün olur.

RATİ qanunlardan QHT-lərə qarşı təzyiq aləti kimi istifadəni  pisləyir, Azərbaycan hökumətini edilən bu mürtəce dəyişiklikləri ləğv etməyə,  əsas insan hüquqlarından olan birləşmək azadlığını təmin etməklə vətəndaş cəmiyyətinin inkişafı üçün şərait yaratmağa çağırır.

Azərbaycan 2014-cü ilin mayında Avropanın ən böyük hüquq-müdafiə təşkilatı olan Avropa Şurasına dövrü sədrliyi qəbul edəcək. Avropa Şurası kimi qurumlar, hələ ki çox gec olmadan, insanların fundamental hüquqlarının müdafiəsinə qalxmalıdır. Bu səbəbdən, RATİ Avropa Şurasını Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) və 11-ci (birləşmə və toplaşma azadlığı) maddələrinin müddəalarının pozulmasını pisləməyə və quruma üzv dövlət kimi Azərbaycanın öz təəhhüd və öhdəliklərinə əməl etməsini tələb etməyə çağırır. Çünki nəticə etibarilə təhlükə altında qalan Avropa Şurasının mötəbərliyidir.

Previous Post

Council of Europe should condemn repressive NGO legislation in Azerbaijan

Next Post

Grave Risk to Media Freedom in Turkey as Journalist Deported for Anti-Government Tweets

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.