YUNESKO Azərbaycanda mətbuat azadlığının təmin olunması üçün fəaliyyətə keçməlidir

Bəyanat

13 fevral Dünya Radio Günündə Azərbaycanda mediaya qarşı kəskin təzyiqlərin mövcudluğundan narahat olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) YUNESKO-nu Azərbaycanda ifadə azadlığını daim müdafiə edəcəyini açıq bəyan etməyə çağırır.

YUNESKO tərəfindən təsis olunmuş Dünya Radio Gününün məqsədi radionun əhəmiyyəti barədə maarifləndirmə aparmaq, radio vasitəsi ilə informasiyaya çatımlılığı yaxşılaşdırmaq və yayımçılar arasında şəbəkələşməni gücləndirməkdir.

“İfadə azadlığı və plüralizm üçün bir güc olan radionun inklüziv informasiya cəmiyyətinin yaradılmasında və insanlar arasında rəğbət və anlayışın təşviqində rolu böyükdür,” deyə YUNESKO baş direktoru İrina Bokova Dünya Radio Günü münasibətilə verdiyi bəyanatda bildirib.

Ötən ay isə xanım Bokova Azərbaycanın YUNESKO-nun qlobal missiyasına verdiyi dəstəyi və onun fəaliyyətində fəal iştirakını yüksək qiymətləndirdiyini bildirib.

YUNESKO əsas insan hüququ olan ifadə və mətbuat azadlıqlarını maarifləndirmə və monitorinq fəaliyyətləri vasitəsi ilə təşviq edir. Qurum eyni zamanda media qanunvericiliyi ilə bağlı məsləhətlər verməklə, hökumətləri, parlamentariləri və qərar qəbulu prosesinin digər iştirakçılarına tövsiyələrini verməklə media müstəqilliyi və plüralizmi demokratikləşmənin əsas şərtlərindən və amilərindən biri kimi təşviq edir.

RATİ xatırladır ki, YUNESKO-nun əsas dəyərlərindən biri olan media azadlığının Azərbaycandakı durumu ciddi narahatlıq doğurur. Dövlət nəzarətində olan yayım mediası hakimiyyətin siyasi “rupor”una çevrilib. Azərbaycanda fəaliyyət göstərən radio stansiyaların əksəriyyəti, həmçinin yayım üçün lisenziyaların təsdiqi hökumətin nəzarəti altındadır. Dövlətlə bağlılığı olmayan və ya onun himayəsində olmayan yayımçılar lisenziya ala bilmirlər. Məsələn, fəaliyyəti hökumətə qarşı tənqidi olan Obyektiv TV müstəqil media qurumu dəfələrlə müraciət etməsinə baxmayaraq indiyə qədər yayım lisenziyası əldə edə bilməyib və bu səbəbdən yalnız internet üzərindən yayımlanır.

2009-cu ilin yanvarında BBC, Azadlıq Radiosu və Amerikanın Səsi kimi beynəlxalq yayımçıların Azərbaycan bürolarının FM tezliklərində yayımına qadağa qoyulub. Medianın üzərində ciddi hökumət nəzarətinin mövcud olduğu bir ölkədə beynəlxalq radio kanallara tətbiq olunan qadağa ölkənin yayım mediasında fikir müxtəlifliyinin demək olar ki mövcud olmadığı bir şəraitin formalaşmasına gətirib çıxarıb.

Azərbaycanda 2013-cü il prezident seçkiləri əvvəlki seçkilərdə olduğu kimi ifadə və media azadlığının məhdudlaşdırılması ilə müşayiət olunub.

Azərbaycan üzrə 2009-cu ildə və 2013-cü ilin aprelində BMT İnsan Hüquqları Şurası tərəfindən iki Universal Dövrü İcmal (UPR) keçirilib. 2013-cü il icmalı ilə bağlı olaraq RATİ və Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupunun (IPGA) göndərdiyi birgə QHT müraciətində qeyd olunduğu kimi, Azərbaycan ilk UPR zamanı, 2009-cu ildə qəbul etdiyi öhdəliklərin böyük qisminə əməl etməyib. İfadə azadlığı üzərində fokuslaşan bu müraciətdə (təqdimatda) bir çox hüquq pozuntuları, o cümlədən jurnalistlərin yaşamaq hüququnun qorunmaması, onlara qarşı zorakılığa görə cəzasızlıq, şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması, siyasi motivli həbslər, qəddar, qeyri-insani və aşağılayıcı davranış, ifadə azadlığına qanun vasitəsi ilə tətbiq olunan məhdudlaşdırmalar, internetdə ifadə azadlığının məhdudlaşdırılması və media üzərində dövlət nəzarəti qeyd olunub.

Bu səbəbdən, RATİ YUNESKO-nu ifadə və mətbuat azadlıqlarını həm şəxsi görüşlərin, həm də ictimai çıxışların əsas prioriteti etməyə və ölkəni layiq olmadığı halda tərif etməkdən çəkinməyə çağırır.

Previous Post

UNESCO Must Act to Ensure Press Freedom in Azerbaijan

Next Post

Start of journalist’s trial is unnecessarily delayed

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.