Əli Əliyevi yeni cəza gözləyir

Yeni Azərbaycan Partiyasının keçmiş üzvü Ramiz Göyüşovun şikayəti əsasında iki hökmə əsasən cəza çəkən Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyevin cəza müddəti artırıla bilər.

Mayın 27-də Yasamal Rayon Məhkəməsində Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının keçmiş sədri Göyüşovun şikayətinə baxılıb.

O, Əli Əliyevin 2021-ci ilin sentyabrında Bumeranq TV-yə verdiyi videomüsahibədə onu təhqir etdiyini, “dovşan”, “hərif” və “masturband” adlandırdığını iddia edir.

Göyüşov Əliyevin CM-in 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 148-ci (təhqir) maddəsi ilə cəzalandırılmasını tələb edir.

Prosesdə vəkil Toğrul Babayev fərdi şikayətin nəinki əsassız olduğunu, həm də qanun pozuntuları ilə hazırlandığını qeyd edib. Belə ki, ərizədə videomüsahibənin dəqiq tarixi göstərilməyib və təhqiramiz olduğu iddia olunan sitatlara dəqiqlik gətirilmir.

Əliyev özü bildirib ki, bu şikayət onun həbs müddətinin uzadılması üçün sifarişdir. O, siyasi mübarizəsindən əl çəkməyəcəyini vurğulayıb. “Çox təəssüf ki, mənə qarşı təzyiq vasitəsi kimi belələrindən istifadə olunur. Ayıbdır…”, deyə Əliyev bildirib.

Göyüşov özü də prosesdə iştirak edib və Əliyevin onu təhqir etdiyində israr edib.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında internetdə porno izləyən Göyüşovun kadrları yayılıb. Bu kadrları yayan jurnalist həbs edilib, Göyüşov isə partiyadan çıxarılıb.

* Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı ilə (CM-in 147.1-ci maddəsi) 5 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Aprelin 15-də məhkəmə DSX-nin digər zabiti Ramin Ədilovun şikayətini də təmin edərək, onun cəza müddətini bir ay uzadıb.

Məhkəmə iddialarına Əli Əliyevin 30 noyabr 2021-ci il tarixində DSX-yə məxsus Mİ-17 helikopterinin qəzasında bu zabitlərin sağ qala bilməyəcəyi və helikopterin Rusiya tərəfindən vurula biləcəyi haqqında mətbuata verdiyi bəyanat səbəb olub. Ötən ilin noyabrında DSX-yə məxsus helikopterin qəzaya uğraması nəticəsində bu idarənin 14 zabiti həlak olub, 2 nəfər sağ qalıb.

Əli Əliyev hər iki hökmü təkzib edib, həbsini “ölkə rəhbərliyinin siyasi sifarişi” adlandırıb. 

Previous Post

Ali Aliyev may face a new term of imprisonment

Next Post

The majority of political prisoners were not pardoned again

Start typing to see posts you are looking for.