Əvəz Zeynallının ailəsi onunla görüşə bilmir

Həbsdə olan Xural saytının rəhbəri Əvəz Zeynallıya ailəsi ilə görüş verilmir. Bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib. 

Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılan Əvəz Zeynallıya rəsmi qaydada görüş qadağan olunub. “Hətta telefon danışıqlarına icazə verilmir. Mən artıq 20 gündür onunla danışmıram. Bu da bir daha sübut edir ki, iş siyasidir və Əvəz Zeynallını susdurmaq məqsədini güdür”.

O qeyd edib ki, axtarış zamanı Əvəz Zeynallının evindən maddi vəsait götürülüb. “Bu, bizim ailə büdcəmizdir, o təkcə Əvəz Zeynallıya aid deyil ki. Aparılıb və mən 20 gündür ki, bu adamlara deyə bilmirəm ki, qaytarın. Gah deyirlər ki, banka depozitə qoymuşuq, gah başqa nəsə deyirlər. Görünür ki, burada məqsəd Əvəz Zeynallıya bacardıqca təsir, təzyiq etməkdir”.

Məlahət Zeynallının sözlərinə görə, jurnalistin səhhəti yaxşı deyil. “Mənə dərman adını yazıb veriblər ki, bunu alım vəkil vasitəsilə çatdırım. Bu, göz üçün dərmandır. Əvəz Zeynallı şəkər xəstəliyindən müalicə alırdı, indi müalicəni etdirib-etdirmədiyini bilmirəm. Həm də, görünür ki, gözü zəifləməyə başlayıb. Gözündə təzyiq olduğu üçün çox güclü baş ağrıları olur”.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən isə Turan-a bildirilib ki, Cinayət-Prosessual tələblərinə uyğun olaraq istintaq orqanı tərəfindən görüş üçün hər hansı məhdudiyyət tədbiq olunmayıb.

Previous Post

Avaz Zeynalli’s family cannot  obtain a meeting with him

Next Post

Activist Malik Rzayev, who was deported from Germany sentenced to seven years

Start typing to see posts you are looking for.